D.Mendeleyevin Dövri cədvəlinin yaradılmasının 150 illik yubileyi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti “Gənc kimyaçılar elmdə” respublika müsabiqəsini elan edir.
Akademiyadan NUHÇIXAN-a bildirilib ki, müsabiqədə AMEA-nın həqiqi və müxbir üzvləri, habelə Azərbaycan Respublikasının elmi və ali təhsil müəssisələrinin elmi şuraları tərəfindən irəli sürülən və yaşı 35-dək olan gənc kimyaçılar iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün aşağıda qeyd olunan sənədlər 2019-cu il mayın 25-dək AMEA-nın Kimya Elmləri Bölməsinə (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30, 4-cü mərtəbə, 403-cü otaq) təqdim edilməlidir:
- AMEA prezidentinin adına ərizə;
- Namizədin irəli sürülməsi haqqında təqdimat (təqdimatda namizəd və onun elmi nailiyyətləri haqqında ətraflı məlumat) və ya elmi şuranın protokolundan çıxarış;
- elmi əsərlərin təsdiq olunmuş siyahısı;
- elmi tədbirlərdə, müsabiqələrdə və s. iştirakla bağlı sənədlərin surəti;
- şəxsi məlumatlar (CV).
Qaliblərin mükafatlandırılması, onların hər birinə müvafiq diplom verilməklə aşağıda qeyd edilən məbləğdə olacaq:
I yer – 1000 manat;
II yer – 700 manat;
III yer – 500 manat.
Əlavə məlumat üçün AMEA-nın Kimya Elmləri Bölməsinə müraciət etmək olar.
Tel.: (+994 12) 492 15 56; e-mail: [email protected]