Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamının ölkə miqyasında çox böyük rəğbətlə qarşılanması və geniş ictimaiyyət tərəfindən ruh yüksəkliyi ilə həyata keçirilməsi bu dövlət sənədinin milli özünüdərk sahəsində oynadığı möhtəşəm rolun təzahürüdür. Gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşünün formalaşdırılması kimi müqəddəs vəzifələrin həyata keçirilməsinin milli dövlətçilik siyasətinin prioritet istiqamətlərindən olduğunu sübut edən bu sərəncam nəsillərin sağlam ruhlu, Vətən, millət, xalq yolunda hər cür xidmətlərə hazır olan şəxsiyyətlər kimi yetişdirilməsi baxımından da çox əhəmiyyətlidir. Sərəncamda, həmçinin oxunması zəruri olan kitabların siyahısının zənginləşdirilməsinin diqqətdə saxlanılması da nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Ali Məclisin Sədri tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən hazırlanaraq nəşr olunmuş “Pedaqoji fikir tarixindən” adlı kitabın “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilməsi sərəncamın icrasının daim diqqət mərkəzində olduğunun sübutudur.
“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində 2019-cu ildə nəşr olunmuş 288 səhifəlik “Pedaqoji fikir tarixindən” adlı bu kitab pedaqoji mövzuda yazılmış əsərlər içərisində öz orijinallığı ilə seçilən bir elmi-pedaqoji nümunədir. Çünki ölkəmizdə pedaqoji fikir tarixinə dair indiyədək çoxlu ciddi elmi tədqiqatlar aparılmış, dissertasiyalar, monoqrafiyalar, dərslik və dərs vəsaitləri çap olunmuşdur. Hətta pedaqoji antologiyalar da tərtib edilmişdir. Təəssüf ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş “populyar pedaqogika” adlandırılan kitablara az rast gəlinir. Bu kitab orijinaldır, ona görə ki, burada tədqiq olunan sahəyə həm ciddi elmi-pedaqoji yanaşma, həm də ictimaiyyətin bütün təbəqələrinə məxsus insanların maraqla oxuyub mənimsəməsini təmin edən materiallar mövcuddur.
Pedaqogika bəzən “çox ciddi”, “quru” elm kimi çətin qavranılır. Qəlbə yaxınlığını, cəlbediciliyini, cəmiyyətə gərəkliliyi baxımından xüsusi əhəmiyyətə malik olduğunu dərk etmək üçün onun fəlsəfəsini yaxşı bilmək lazımdır. Haqqında danışdığımız kitabda publisistika ilə yanaşı, pedaqoji prosesin, onun komponentlərinin fəlsəfəsinə dair məsələlərə toxunulduğu üçün yeni nəşr orijinal hesab edilməlidir.
Fikrimizcə, görkəmli rus və Azərbaycan pedaqoji fikir nümayəndələrindən bəhs edən bu kitabın “ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə yazdığı məktub”la başlaması da təsadüfi deyildir. Bu məktub gələcək nəslin şəxsiyyət kimi yetişdirilməsi üçün hansı zəruri keyfiyyətlərə yiyələnməli olduğunu göstərir. Aydın olur ki, ABŞ prezidenti kimi bir adam oğlunun böyüdülməsini müəllimə əmanət edir. O, tərbiyədə müəllimin əhəmiyyətli rolunu görür və həm də bir ata kimi övladında hansı keyfiyyətlər olmasını arzuladığını bildirir.
Hər şeydən əvvəl, “Ona öyrədin ki, hamı dürüst və ədalətli deyil” ifadəsi haqqında. Yəni cəmiyyətə inteqrasiyada sadəlövh olmamalı, adamları tanımadan hamıya etibar etməməlisən. Yaxud “Ona öyrədin ki, qazanılan bir dollar tapılan beş dollardan daha dəyərlidir” – çünki o, halaldır, zəhmətlə əldə edildiyindən qədri bilinir, heç kimdən və heç nədən çəkinmədən ona tam sahibsən; tapmağın dalınca deyil, qazanmağın dalınca gedəcəksən.
“...məktəbdə səhv etmək hiylə gəlməkdən daha şərəflidir” – hiylə ilə qiymət almaq, diplom almaq olar, bilik, bacarıq qazanmaqda səhvlər etsən də, sonda həyatını təmin etmək bacarıqları əldə edərsən.
“Hamı bir-birinə yapışıb gedəndə kütləyə qoşulmayıb öz yolu ilə getmə gücü verin oğluma” – tələbilə bildirmək istəyir ki, kütlə şüuru istiqamətlənməyə, idarə olunmağa möhtacdır. Filosofların dedikləri mənada, şəxsiyyət olmaq üçün müstəqil qərarlara, hadisələri daha düzgün qiymətləndirmək qabiliyyətinə malik adam tərbiyə edilməlidir.
“...gücünü və beynini ən yüksək qiymət təklif edənə satmağı, ancaq ürəyinə və ruhuna qiymət etiketi qoymamağı... öyrədin ona” – yəni gücünü və beynini başqalarına xidmət etməyə vermək olar, bunlar sənin maddi ehtiyaclarını təmin etmək üçün istifadə oluna bilər. Qəlbin və ruhun isə sənin özünə və Yaradanına xidmət etməlidir; onları satmaq olmaz, onlar insan mənəviyyatının tərkib hissələridir.
Başdan axıradək maraqla oxunan bu kitabın pedaqoji məziyyətlərini, fikrimcə, aşağıdakı kimi sistemləşdirmək olar:
Əvvəlcə kitabda haqqında danışılan pedaqoji fikir nümayəndələri barədə. Belə hesab edirəm ki, kitabda “Uşinskinin, Çernyayevskinin, Suxomlinskinin əziz xatirəsinə” və “Pedaqogikada misligörünməmiş təcrübə” bölmələrinin müəllifi həm də pedaqoji dünyagörüşünə sahibdir. Əsərləri nəşrə daxil edilmiş pedaqoqlar məfkurələri baxımından müəyyən ortaq ümumiliyə malikdirlər. İstər K.D.Uşinski, A.O.Çernyayevski, V.A.Suxomlinski, A.S.Makarenko, M.T.Sidqi kimi peşəkar pedaqoqlar, istərsə də M.Qorki, C.Məmmədquluzadə, N.Nərimanov, H.Cavid, E.Sultanov, M.A.Şahtaxtlı, M.S.Ordubadi kimi mütəfəkkirlərin hamısı humanist pedaqogikanın tərəfdarları olmuşlar.
Humanist pedaqogika şagirdin, tərbiyə olunanın şəxsiyyətinə, onun fərdi maraq və qabiliyyətlərinə yönəlmiş pedaqoji istiqaməti əsas götürür. Bu pedaqogika şagirdə təlim-tərbiyə prosesinin şüurlu və fəal iştirakçısı kimi yanaşır, onun əqli keyfiyyətlərinin inkişafını, özünütəkmilləşdirmə və özünüinkişafını ön plana çıxarır. Kitabda adları çəkilən pedaqoq-mütəfəkkirlərin amalı, bütövlükdə, tərbiyənin məhz bu cür şəxsiyyətlər yetişdirmək vəzifəsini icra etməkdir.
İkincisi, pedaqogikanın tədrisi metodikasında belə bir qayda vardır: hər hansı pedaqoji ideyanı tələbələrə daha yaxşı başa salmaq, asan öyrətmək, bu ideyanın əhatə etdiyi biliklərin uzun müddət yadda qalmasını təmin etmək üçün təqdimata həmin ideyanın müəllifinin həyatından və pedaqoji fəaliyyətindən maraqlı faktlar, onun haqqında müasirləri və digər tanınmış şəxslərin söylədikləri, yeri düşsə, onun haqqında olan lətifələrdən başlamaq lazımdır.
Əsərdə pedaqoji görüşlərindən və təlim-tərbiyə haqda fikirlərindən bəhs edilən hər bir şəxs məhz bu cür təqdim olunur. Məsələn, pedaqogika elmində xüsusi yeri olan böyük rus pedaqoqu K.D.Uşinskini oxucuya, müəllimlərə, tələbələrə sevdirmək üçün belə bir cümlə işlədilir: “Uşaq (K.D.Uşinski) ailədə ibtidai bilikləri elə bir həcmdə mənimsəyə bilmişdi ki, birbaşa gimnaziyanın üçüncü sinfinə daxil olmağı bacarmışdı (gimnaziyanın üçüncü sinfi müasir məktəbin, təqribən, altıncı sinfinə bərabər tutulur)”.
Yaxud heç bir elmi, xüsusən də pedaqoji təhsili olmayan, lakin hər şeyi öyrənməyə çalışan, fitri istedadı ilə Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinə rəhbərlik edən A.O.Çernyayevski də kitabda bu prinsiplə təqdim edilir. Oxucuya aydın olur ki, Azərbaycan xalqının görkəmli oğulları C.Məmmədquluzadəni, F.Köçərlini məhz Çernyayevski Qori Seminariyasına təhsil almağa aparmışdır. Azərbaycanlı uşaqlar üçün sövti üsulla yazılmış “Vətən dili” dərsliyinin, “Müsəlman əlifbasını öyrədən müəllim üçün metodik vəsait” adlı dərs vəsaitinin də müəllifi Çernyayevskidir.
Bu pedaqoji qaydanın tətbiqinə biz A.S.Makarenko haqqındakı yazıda da çox rast gəlirik. Makarenkonun şəxsi keyfiyyətləri barədə çoxsaylı nümunələr onun pedaqoji təlimi barədə oxucuda həm aydın, həm də yaddaqalan təsəvvürlər yaradır. Oxucu bu təlimin düzgünlüyünə tam əminliklə inanır.
Üçüncü cəhət isə kitabda seçilib təqdim edilən pedaqoq-mütəfəkkirlərin əsas elmi-pedaqoji ideyalarının, insan şəxsiyyətinin formalaşması, təlim-tərbiyə işlərinin düzgün təşkili barədə fikirlərin əsas mahiyyətinin müəyyənləşdirilərək verilməsidir. Məsələn, K.D.Uşinski, kitabda da deyildiyi kimi, hərtərəfli pedaqoji təfəkkürə və zəngin pedaqoji irsə malik bir pedaqoqdur. Onun tərbiyənin mahiyyəti, məqsədi, üsulları, insan şəxsiyyətinin formalaşması, yaxud təlim, onun mahiyyəti, prinsipləri, üsul və priyomları, psixoloji əsasları haqda elmi pedaqogikada və məktəb təcrübəsində bu gün də uğurla tətbiq edilən qiymətli fikirləri vardır. Lakin K.D.Uşinskini pedaqogika tarixində məşhurlaşdıran əsas ideya xəlqilik ideyasıdır. Haqqında danışdığımız kitabda Uşinskinin pedaqoji fikir tarixində əsas etibarilə məhz bu ideyaya görə yer tutduğu xüsusi qeyd olunur və bununla da səriştəli bir tədqiqatçı qələminin təsiri duyulur.
Yaxud A.S.Makarenko dünya pedaqogikası tərəfindən qəbul edilən və yüksək qiymətləndirilən pedaqoq – praktikdir. O, insan şəxsiyyətinin tərbiyəsi işini nəzəri baxımdan daha çox, bilavasitə real həyatda praktik olaraq həyata keçirən və bu əsasda böyük bir pedaqoji məktəb yaradan iki-üç dahidən biridir. A.S.Makarenkonu insan cəmiyyəti, tərbiyə işi durduqca yaşadacaq ən əsas pedaqoji ideyası isə kollektivdə, kollektiv vasitəsilə, kollektiv üçün tərbiyə prinsipidir. Bu ideyanın həyata keçirilməsinin əsasında Makarenkonun fikrincə, bunlar durur:
a) kollektivdə hərəkət qanunu;
b) paralel təsir prinsipi;
c) gələcək xətlər sistemi.
“Pedaqoji fikir tarixindən” adlı kitabda Makarenkonun pedaqoji irsindən bu ideya dəqiq müəyyənləşdirilərək təqdim edilə bilmişdir.
Kitabda böyük bir hissə M.T.Sidqi, N.Nərimanov, H.Cavid kimi peşəkar müəllim-pedaqoqların, M.Qorki, M.Şahtaxtlı, C.Məmmədquluzadə, E.Sultanov, M.S.Ordubadi kimi mütəfəkkirlərin maarif və məktəb, təhsil və tərbiyə, əqli və əxlaqi kamillik haqqında fikirlərindən seçmələrə həsr olunmuşdur. Bir daha qeyd edirik ki, bu seçmələri birləşdirən əsas ideya humanist məfkurə, ləyaqətli şəxsiyyət tərbiyəsidir.
Kitab haqqında fikirlərimi şərh edərkən yeni nəşrin bölmələrində dəyərli pedaqoji təhlillər aparmış Reyhan Mirzəzadənin pedaqoji dünyagörüşünə malik olması öz elmi təsdiqini tapır. Məqalə boyu məktəb, təlim, tərbiyə haqqında şəxsi mülahizələri, xüsusilə “yaxşı müəllim kimdir?” sualına cavab kimi yazdığı tezislər onun imzasına “publisist-politoloq” sözlərindən sonra “pedaqoq” titulunu da yazmaq imkanı verir.
“Pedaqoji fikir tarixindən” adlı əsərin “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilərək çoxsaylı tirajla nəşr olunub geniş oxucu kütləsinə çatdırılması, öz xalqının gələcəyinə biganə olmayan hər bir kəsin istifadəsi üçün əlçatan olması yüksək dəyərləndirilməlidir.
İsmayıl Əliyev
“Naxçıvan” Universitetinin rektoru,
pedaqogika üzrə elmlər doktoru, professor