Elm və təhsil naziri: Qərbi Azərbaycan mövzusu artıq strateji fəaliyyət istiqamətinə çevrilib

A- A A+

Ordubad Azərbaycan elminə, mədəniyyətinə və xalqımıza çoxsaylı görkəmli şəxsiyyətlər bəxş etmiş bölgələrimizdən biridir. Eyni zamanda, Azərbaycan mədəniyyət tarixində özünəməxsus memarlığını və tarixi simasını qoruyub saxlamış nadir məkanlardan hesab olunur. Bu mənada bu gün Ordubadda olmaq və Qərbi Azərbaycan festivalında iştirak etmək mənim üçün böyük qürur hissidir.

NUHÇIXAN xəbər verir ki, bunu Ordubadda keçirilən “Qərbi Azərbaycana qayıdış” III festival-konqresdə çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bu tədbirin üçüncü dəfə keçirilməsinin sevindirici hal olduğunu söyləyib: “Adətən bir işi bir dəfə həyata keçirmək mümkündür, lakin onu davamlı ənənəyə çevirmək, hər dəfə yeni məzmun və yeni məna əlavə etmək daha böyük zəhmət və məsuliyyət tələb edir. Hesab edirəm ki, bu baxımdan görülən işlər xüsusi təqdirəlayiqdir. Mövzunun mahiyyəti və onun bu gün Azərbaycanın milli kimliyinin formalaşmasında, gəncliyimizin yetişməsində, təhsil və elm həyatımızda mərkəzi mövzulardan birinə çevrilməsi mühüm əhəmiyyət daşıyır. Xüsusilə qeyd etmək istərdim ki, bu istiqamətdə həm Qərbi Azərbaycan İcmasının, həm ölkəmizin ali təhsil və elm müəssisələrinin, eləcə də Naxçıvan Dövlət Universitetinin xüsusi rolu var. Ötən dövrə nəzər saldıqda görürük ki, Qərbi Azərbaycan mövzusu artıq strateji fəaliyyət istiqamətinə çevrilib”.

Emin Əmrullayev əlavə edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Qərbi Azərbaycana qayıdışla bağlı sistemli təşkilatlanma, maarifləndirmə və araşdırma işləri aparılıb. Bu mövzu artıq ictimai düşüncəmizin, təşəbbüslərimizin və beynəlxalq ictimai diplomatiyamızın ayrılmaz hissəsinə çevrilib: “Bu gün, həmçinin Böyük Qayıdış prosesini xüsusi qeyd etmək istərdim. Şərqi Zəngəzur və Qarabağa qayıdış onu göstərir ki, tarixi ədalət gec də olsa, öz yerini tapır. Bu gün Azərbaycan vətəndaşlarının doğma torpaqlarına dönüşü bir daha sübut edir ki, məqsədyönlü və ardıcıl fəaliyyət nəticəsində qarşıya qoyulan hədəflərə çatmaq mümkündür".

Qeyd edək ki, Ordubad şəhərində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə "Qərbi Azərbaycana qayıdış” III festival-konqresi keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: