Üçüncü dəfədir ki, ölkəmiz Qərbi Azərbaycana Qayıdış Konsepsiyası ətrafında keçirilən möhtəşəm konqres-festivala ev sahibliyi edir. Bu, artıq ənənəyə çevrilən və ciddi elmi-mədəni mahiyyət daşıyan bir platformadır.
Tədbirin əsas məqsədi Qərbi Azərbaycana Qayıdış Konsepsiyasından irəli gələn məsələlərin elmi müstəvidə araşdırılması, eyni zamanda ictimai və mədəni fəaliyyətlər vasitəsilə bu ideyanın daha geniş auditoriyaya çatdırılmasıdır.
Bu gün ölkəmizin müxtəlif rayon və bölgələrindən, ali təhsil müəssisələrindən, dövlət qurumlarından və ictimai təşkilatlardan çoxsaylı qonaqları qəbul etmişik.
NUHÇIXAN xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev deyib.
Rektor qeyd edib ki, konqres çərçivəsində ölkənin 70-ə yaxın elmi və təhsil müəssisəsindən 382 məruzə təqdim olunub. Bununla yanaşı, Qərbi Azərbaycan mövzusuna həsr olunmuş panel müzakirələrində, kitab və müxtəlif layihələrin təqdimatlarında iştirak etmək üçün 200-ə yaxın xüsusi dəvətli qonaq festivala qatılıb. Tədbirlərin açılış mərasimi açıq havada baş tutub. Sonrakı proqramlar universitet kampusunda və konfrans zallarında davam etdiriləcək. Konfranslarda 8 istiqamət üzrə, 30-dan artıq bölmədə çoxsaylı maraqlı məruzələr dinləniləcək və geniş müzakirələr aparılacaq.
Elbrus İsayev vurğulayıb ki, konqres-festivalın mühüm hissələrindən biri də sərgilərdir. Burada müxtəlif dövlət qurumları, rayonlar və təşkilatlar tərəfindən hazırlanmış ekspozisiyalar nümayiş etdirilir. Bu gün və sabah davam edəcək sərgilərdə 20-yə yaxın təşkilat iştirak edir. Sərgilərdə Qərbi Azərbaycana aid nadir sənət nümunələri, kitablar, tarixi xatirələr, məişət əşyaları və milli kulinariya nümunələri ziyarətçilərə təqdim olunur. Bütün bunlar geniş ictimaiyyətin iştirakı ilə həyata keçirilir. Festivalı fərqləndirən əsas xüsusiyyət ondan ibarətdir ki, bu tədbir Qərbi Azərbaycan ideyası ətrafında birləşən hər kəs üçün açıqdır. Cəmiyyətimizin bütün təbəqələrinin nümayəndələri, məktəblilər, tələbələr, müxtəlif rayonların ictimai fəalları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və Qərbi Azərbaycan İcmasının üzvləri iki gün ərzində bir-birindən maraqlı layihələrin şahidi olacaqlar.
"Böyük maraqla festivala qatılan insanların sayı göstərir ki, Qərbi Azərbaycana qayıdış ideyası cəmiyyətimiz tərəfindən geniş dəstək qazanır. Rəsmi qeydiyyatdan keçən qonaqların sayı 500 nəfər olsa da, Ordubad şəhərinin bu gün 5 minə yaxın iştirakçını qəbul etdiyini demək olar. Əminik ki, festival-konqresin bütün iştirakçıları Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının mahiyyətini və fəlsəfəsini daha dərindən anlayacaqlar. Bu ideyanın əsas məqsədi sülh, ədalət və beynəlxalq hüquq prinsipləri əsasında soydaşlarımızın öz ata-baba yurdlarına qayıdışının təmin olunmasıdır. Elmi ictimaiyyətin, alimlərimizin və ziyalılarımızın fəaliyyəti də bu müqəddəs məqsədə xidmət edir"-deyə rektor əlavə edib.
