“Abituriyent” jurnalının 12-ci nömrəsində imtahan nəticələrinin elmi-statistik təhlili təqdim edilib

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materialları “Abituriyent” jurnalının 12-ci nömrəsində çap edib.

Mərkəzdən NUHÇIXAN-a bildirilib ki, elmi-statistik təhlillər DİM-in keçirdiyi müxtəlif səpkili imtahanların ayrı-ayrı istiqamət və çoxsaylı parametrləri üzrə aparılıb. Təhlillər DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadənin rəhbərliyi ilə yerinə yetirilib.

Elmi-statistik təhlilin nəticələri ictimaiyyət üçün açıqdır və mütəmadi olaraq pedaqoji ictimaiyyətin, təhsil qurumlarının və məktəb müəllimlərinin iştirakı ilə keçirilən müxtəlif görüş və konfranslarda müzakirə edilir.

Burada ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə, rezidenturaya, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının, ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən təhsilin həm ümumilikdə ölkə üzrə, həm də ayrı-ayrı bölgələr və məktəblər üzrə göstəriciləri, bunların əsas parametrləri əhatəli şəkildə araşdırılıb, təklif və tövsiyələr irəli sürülüb.

Jurnalın elektron versiyasını DİM-in saytında Fəaliyyət/Təqiqat bölməsindən ödənişsiz əldə etmək olar.

Qeyd edək ki, DİM tərəfindən yaradılmış mekteb.edu.az portalından istifadə etməklə hər bir rayonun istənilən məktəbi barədə statistik məlumatlarla tanış olmaq mümkündür. Ayrı-ayrı şəhər və rayonların məzunlarının imtahanlardakı nəticələrinə dair statistik məlumatlar regional təhsil idarələrinə və rayon təhsil sektorlarına da göndərilir.

Bundan əlavə, “Abituriyent” jurnalının 12-ci nömrəsinə əlavə kimi “Qəbul və buraxılış imtahanlarının nəticələrinin gender aspektləri”, “Kənd təsərrüfatı profilli ixtisaslar statistikada”, “Neft-qaz profilli ixtisaslar statistikada” araşdırmalarının elektron variantı ilə müvafiq bölmədə linklərdə tanış olmaq mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: