Akademik İsa Həbibbəyli: “İlandağ” kitabəsinin aşkarlanması müstəqil Azərbaycan elminin böyük nailiyyətidir - FOTOLAR

A- A A+

AMEA Naxçıvan Bölməsində Culfa rayonu ərazisində yerləşən “İlandağ” kitabəsinə həsr edilən tədbir keçirilib.

Bölmənin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək, “İlandağ” kitabəsinin Azərbaycan və dünya tarixi üçün mühüm elmi və ictimai əhəmiyyət daşıdığını deyib.

Akademik qayaüstü mixi yazısının Naxçıvanın qədim yaşayış məskəni olduğunu, Urartu hökmdarlarının bölgəyə hərbi yürüşləri və Naxçıvanın siyasi prosesləri haqqında dəqiq elmi faktlar təqdim etdiyini vurğulayıb. Yazının bəzi saxta iddiaları ifşa edərək, bu yerlərdə qədim türk-azərbaycanlı köklərinin mövcudluğunu beynəlxalq elmi ictimaiyyətə çatdırdığını söyləyib.

Abidədə aşınmaların yarandığına diqqət çəkən akademik aidiyyəti qurumları bununla bağlı tədbirlər görməyə çağırıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli çıxışında tədbirin keçirilməsinin aktual məsələnin müzakirəsi, qarşıda duran strateji vəzifələrin uğurla icrası üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Akademik 2025-2026-cı illərdə AMEA alimlərinin Azərbaycan-Yaponiya birgə elmi ekspedisiyası ilə apardığı birgə arxeoloji qazıntı zamanı Xocavənd rayonundakı qədim Tağlar mağarasından neandertal insanın 80 min il bundan əvvələ aid olan yeni poleontropoloji qalığının tapılmasının, Naxçıvan Muxtar Respublikasında aşkarlanmış “İlandağ” kitabəsinin Urartu mixi yazıları kontekstində araşdırılmasının Azərbaycan elmi üçün beynəlxalq əhəmiyyətini vurğulayıb.

“İlandağ” kitabəsinin müstəqil Azərbaycan elminin dünya elminə təqdim edə biləcəyi ən böyük kəşflərdən biri olduğunu vurğulayan AMEA prezidenti, bu tapıntıya qlobal prizmadan yanaşmağın vacibliyini önə çəkib. Akademik mühüm elmi dəyərə malik həmin mixi yazısının yenidən araşdırılmasının zəruriliyini qeyd edərək aidiyyəti üzrə tapşırıqlarını diqqətə çatdırıb.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev qeyd edib ki, BDU-da arxeologiya istiqamətində elmi tədqiqatları genişləndirmək və elm ilə təhsilin inteqrasiyasını gücləndirmək məqsədilə Arxeologiya Tədris-Tədqiqat Mərkəzi yaradılıb. Mərkəzin AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərdiyini bildirən rektor AMEA Naxçıvan Bölməsi ilə də əməkdaşlığa hazır olduqlarını bildirib.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova çıxışında gələcəkdə də bu cür tədqiqatların genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb və sahə üzrə gənc kadrların, eləcə də mütəxəssislərin hazırlanmasının əhəmiyyətini vurğulayıb.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev “Naxçıvanın qədim tarixinə dair mənbə: “İlandağ” kitabəsi” adlı məruzə ilə çıxış edib. Professor bu kitabənin Naxçıvanın qədim tarixini öyrənmək baxımından mühüm elmi mənbə olduğunu bildirib. Urartuluların Naxçıvana hücumlarının uğursuzluqla nəticələndiyini qeyd edən məruzəçi Urartu dilinin iltisaqi dillər qrupuna aid olduğunu və digər dillərlə heç bir qohumluq əlaqəsinin olmadığını vurğulayıb.

Daha sonra AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov, AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimli çıxış ediblər.

Sonda AMEA Naxçıvan Bölməsi əməkdaşlarının Culfa rayonu ərazisində yerləşən kitabəyə səfərini, həmçinin Naxçıvan televiziyasının bu tapıntı ilə bağlı hazırladığı süjeti əks etdirən videoçarx nümayiş olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: