NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Naxçıvan Dövlət Universitetinin Memarlıq fakültəsinin tələbələri ilə görüş keçirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamına uyğun olaraq keçirilən görüşdə Universitetin rektoru Saleh Məhərrəmov qeyd edib ki, bu sərəncam bilikli və təcrübəli gənc kadrların hazırlanmasında böyük imkanlar yaradacaq. Vurğulanıb ki, layihələrin dəyərləndirilməsi üçün ekspert qrupu və ictimai əsaslarla fəaliyyət göstərən mərkəzlərin yaradılmasına başlanılıb və tələbələr tərəfindən təqdim olunan layihələrin qəbulu, təqdimatların keçirilməsi öhdəliyi bu mərkəzlər tərəfindən idarə olunur.
Sonra Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri Mayis Əliyev ekologiya mühəndisliyi və geologiya mühəndisliyi ixtisası sahəsində təhsil alan tələbələrin hamiliyə götürülməsi və startap layihəsinin əhəmiyyətindən danışıb.
Universitetin Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi kafedrasının müəllimi Leyla İbrahimova “Ekologiya ixtisaslarında tədris olunan fənnlər” mövzusunda çıxış edib, nazirliyin sektor müdiri Tural Əsgərov isə “Yeni innovasiya və startap layihələri” haqqında slayd vasitəsilə ətraflı məlumat verib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.
Badəm Məmmədova