Əlyazma və kitabların təqdimatı olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən qədim tarixə malik 22 əlyazma və kitab AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna hədiyyə olunub. Qeyd edək ki, qədim əlyazma və kitablar Babək rayon Nehrəm kənd sakini, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev tərəfindən təqdim edilib. Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq deyib ki, qədim əlyazma və kitabların Əlyazmalar Fonduna hədiyyə edilməsi ənənəyə çevrilib. Bu, dördüncü təqdimatdır. Əlyazmalar Fondunda bu gün 400-dən çox qədim əlyazma və kitab var. Akademik bildirib ki, əlyazma və kitablar əsrlərboyu İslam coğrafiyasının müxtəlif ölkələrinə yayılıb və əldən-ələ keçib. Bu gün təqdim olunan kitablar arasında dərslik, tanınmış insanların həyatı ilə bağlı kitablar, şairlərin əsərləri vardır. Bunlardan 2-si əlyazma, 20-si isə çap kitabıdır. Tədbirdə mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, əlyazma kitabları insan zəkasının inciləridir, onların səsi əsrlərin dərinliklərindən gəlir. Hər bir əlyazma kitabı onu oxuyan alim və tədqiqatçının diqqətini cəlb edir. Natəvan Qədimova Mədəniyyət Nazirliyi adından kitabları təqdim edənAzərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisiAkif Hacıyevə təşəkkürünü bildirib. Nazir çıxışının sonunda mədəniyyətimizə, tariximizə göstərdiyi böyük diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib. AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov həmin kitablar haqqında ətraflı məlumat verərək deyib ki, təqdim olunan kitablar arasında FərhadAğazadənin “Ədəbiyyatməcmuəsi”, M.Ə.Sabirin “Hophopnamə”si, Əbu Nəsr Fərahinin “Nisabüs-sibyan” kitabları, “İran şahlarının tarixi”, “Astronomiya və coğrafiya məlumatları” xüsusilə maraq doğurur. Sonda hədiyyə edilən kitablara baxış olub.
Əli Rzayev