NUHÇIXAN xəbər verir ki, aprelin 28-də Dövlət İmtahan Mərkəzi əvvəlki illərin məzunları üçün birinci, ikinci, üçüncü və dördüncü ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsini, həmçinin beşinci qrup üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirib.
İmtahanlar ölkənin Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunub.
Bu imtahanlar Naxçıvan şəhərindəki 7 və 14 nömrəli tam orta məktəblərdə keçirilib. İmtahanlara 3 saat vaxt ayrılıb. İmtahanlarda iştirak etmək üçün 985 abituriyent qeydiyyatdan keçib.
İmtahanın keçirilməsi üçün ümumilikdə 8 imtahan rəhbəri, 2 ümumi rəhbər və 94 nəzarətçi cəlb olunub. İmtahanda abituriyentlərə ana dili, riyaziyyat və xarici dil fənnləri üzrə suallar təqdim edilib. Sualların müəyyən bir qismi açıqtipli test tapşırıqları, yəni yeni tədris proqramı- kurikulum əsasında hazırlanmış suallar olub.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi imtahanların nəticələrini may ayı ərzində açıqlayacaq.
Əbülfəz Dünyamalıyev