İmzadan icraya – NDU ilə Çin ali təhsil müəssisələri arasındakı əməkdaşlıq yeni mərhələdə - FOTOLAR
Qloballaşan dünyada təhsilin sərhədləri sürətlə aradan qalxır. Müxtəlif ölkələrdən olan tələbə və müəllimlərin bir araya gəlməsi fərqli baxışların toqquşmasına, yeni ideyaların yaranmasına səbəb olur. Bu isə yalnız akademik biliklərlə kifayətlənməyən, eyni zamanda çevik düşünən, multikultural mühitə uyğunlaşa bilən mütəxəssislərin yetişməsində mühüm rol oynayır.
Beynəlxalq əməkdaşlıqlar universitetlərin nüfuzunun artmasına da birbaşa təsir göstərir. Qlobal şəbəkələrə qoşulan ali məktəblər həm elmi potensiallarını genişləndirir, həm də dünya miqyasında tanınmaq imkanı əldə edir. Bu baxımdan, müxtəlif ölkələrin universitetləri ilə imzalanan əməkdaşlıq memorandumları gələcəyə yönəlmiş strateji addımların göstəricisidir.
Naxçıvan Dövlət Universitetinin son illərdə sürətlə artan əməkdaşlıqları yalnız ali təhsil ocağının deyil, ümumilikdə, Azərbaycan təhsilinin dünyada layiqincə təmsil olunmasına xidmət edən mühüm addımdır. Hazırda NDU-nun dünyanın 50-ə yaxın universiteti və elmi-tədqiqat mərkəzləri ilə rəsmi əməkdaşlıq əlaqələri var. Təkcə 2025-ci ildə 26-sı xarici, 15-i yerli müəssisə və təşkilatlarla olmaqla 40 əməkdaşlıq müqaviləsi imzalanıb.
2026-cı ilin isə 6 ayını arxada qoymuşuq. Bu qısa zamanda NDU ilə Azərbaycanın, Türkiyənin, Qazaxıstanın bir sıra qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlıq müqavilələri imzalanıb. NDU-nun qlobal xəritəsindəki növbəti dayanacağı isə Çin Xalq Respublikası oldu.
Davamlı dəyişən dünyada Naxçıvan Dövlət Universiteti həm də bu dəyişiklikləri sürətlə tətbiq etməsi, yeniliklərə açıq olması ilə seçilir. Növbəti dayanacağın Çin olması təsadüfi deyil. Dünyanın sürətlə inkişaf edən elm və texnologiya mərkəzlərindən biri olan Çinlə qurulan əlaqələr NDU üçün yeni imkanlar vəd edir. Bu əməkdaşlıq akademik sərhədləri aradan qaldıraraq universiteti daha geniş qlobal şəbəkənin bir hissəsinə çevirir.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin Çin Xalq Respublikasına səfəri universitetin beynəlxalq əlaqələrinin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində ölkənin aparıcı universitetləri və elmi-tədqiqat mərkəzləri ilə keçirilən görüşlər nəticəsində təhsil, elm, innovasiya və sənaye əməkdaşlığını əhatə edən bir sıra mühüm razılaşmalar əldə olunub.
Səfərin ilk dayanacağı olan Sincan Universitetində keçirilən görüş xüsusilə strateji əhəmiyyət daşıyır. Tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu yaşıl enerji, informasiya təhlükəsizliyi, süni intellekt və biotexnologiya kimi gələcəyin prioritet sahələrini əhatə edir. Razılaşmaya əsasən, yaşıl enerji üzrə birgə layihələrin həyata keçirilməsi, “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə ikili diplom proqramının yaradılması, həmçinin süni intellekt və biotexnologiya istiqamətlərində ortaq mərkəzlərin qurulması nəzərdə tutulur.
Memorandumda öz əksini tapan hər bir məsələ aktual və ölkəmiz üçün yenidir. Xüsusilə, süni intellekt sahəsində Çin təcrübəsindən istifadə etmək bizə çox şey qata bilər. Bu gün süni intellekt yalnız informasiya texnologiyaları sahəsinin deyil, səhiyyə, təhsil, logistika, sənaye, kənd təsərrüfatı və dövlət idarəçiliyinin də ayrılmaz hissəsinə çevrilməkdədir.
Azərbaycanın da rəqəmsal transformasiya mərhələsində olduğu bir dövrdə bu sahədə qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqi mühüm zərurət kimi ortaya çıxır. Çin universitetləri və elmi mərkəzləri ilə qurulan əməkdaşlıq sayəsində tələbələr və tədqiqatçılar müasir texnologiyalarla daha yaxından tanış olmaq, qabaqcıl laboratoriyalarda çalışmaq, beynəlxalq layihələrdə iştirak etmək və qlobal səviyyədə formalaşan yeni biliklərə birbaşa çıxış əldə etmək imkanı qazanacaqlar.
Əməkdaşlığın diqqətçəkən istiqamətlərindən biri də birgə İpək Yolu Araşdırmalar Mərkəzinin yaradılmasıdır.
Universitetlərarası əməkdaşlığın inkişafı Urumçi və Naxçıvan şəhərləri arasında mövcud qardaşlaşma əlaqələrinin də yeni məzmun qazanmasına töhfə verəcək.
Çində keçirilən növbəti görüş isə Naxçıvan Dövlət Universiteti üçün praktik yönümlü təhsil və sənaye əməkdaşlığı baxımından yeni perspektivlər açır. Urumçi Peşə Universiteti ilə aparılan danışıqlarda logistika, turizm, süni intellekt, rəqəmsal media, incəsənət və tibb sahələri üzrə birgə proqramların hazırlanması barədə razılıq əldə olunub. Eyni zamanda tələbə və müəllim mübadiləsinin genişləndirilməsi, yay məktəblərinin təşkili, istehsalat təcrübələrinin keçirilməsi və bakalavr səviyyəsində 3+1 modeli əsasında ikili diplom proqramlarının hazırlanması məsələləri müzakirə edilib.
Bu əməkdaşlığı fərqləndirən əsas məqamlardan biri universitet–sənaye əlaqələrinin güclü olmasıdır. Praktik yönümlü təhsil modeli ilə seçilən Urumçi Peşə Universitetinin tərəfdaş olduğu aparıcı Çin şirkətləri ilə NDU arasında əməkdaşlıq imkanlarının yaradılması tələbələrin beynəlxalq iş mühitinə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Razılaşmaların icrasını təmin etmək məqsədilə hər iki universitetdə xüsusi işçi qrupları yaradılıb və prosesə birbaşa rektorlar rəhbərlik edəcək.
Səfərin ən mühüm nəticələrindən biri də Çin Elmlər Akademiyası ilə qurulan elmi əməkdaşlıqdır. Aparılan müzakirələr nəticəsində NDU magistrantları üçün doktorantura təhsili imkanlarının yaradılması, magistrant və doktorantlara birgə elmi rəhbərlik mexanizmlərinin tətbiqi istiqamətində ilkin razılıqlar əldə olunub. Bununla yanaşı, yaşıl enerji, nanomateriallar, ekstremal iqlim şəraitində enerji və material texnologiyaları, fizika və kimya sahələrində ortaq tədqiqat layihələrinin həyata keçirilməsi məsələləri diqqət mərkəzində olub. Beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi məqsədilə birgə elmi jurnalın təsis olunması təşəbbüsü də müsbət qarşılanıb.
Naxçıvan Dövlət Universitetinin Çin səfəri çərçivəsində əməkdaşlıq qurduğu növbəti ali təhsil müəssisəsi Pekin Kimya Texnologiyaları Universiteti olub. Tərəflər arasında imzalanan müqavilə təhsil, elm və innovasiya sahələrində uzunmüddətli tərəfdaşlığın əsasını qoyub. Görüş zamanı universitetlər arasında birgə Süni İntellekt Mərkəzinin yaradılması əsas prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Həmçinin NDU tələbələrinin Pekində təcrübə və istehsalat proqramlarında iştirakı, Çinli professorların isə Naxçıvanda tədris prosesinə cəlb olunması barədə razılıq əldə olunub.
Naxçıvan Dövlət Universiteti ilə Çinin ali təhsil müəssisələri arasında əməkdaşlıq memorandumlarının imzalanmasından cəmi iki ay keçib və bu əməkdaşlıqlar artıq konkret nəticələr verməyə başlayır.
Əməkdaşlıq proqramlarının icrası çərçivəsində NDU-nun II yay məktəbi Çində təşkil olunub, universitetin 10 nəfərlik nümayəndə heyəti Pekində ali təhsil idarəçiliyi sahəsində 120 saatlıq beynəlxalq təlim proqramında iştirak edib. Təlim müddətində nümayəndələr ali təhsilin idarə olunması, innovativ universitet modeli, elmi tədqiqatların təşkili, rəqəmsal transformasiya və beynəlxalq əlaqələrin inkişafı istiqamətlərində qabaqcıl Çin təcrübəsini mənimsəyiblər. Yay məktəbinin II hissəsi isə avqust ayında baş tutacaq, NDU-nun növbəti professor-müəllim heyəti Çin Xalq Respublikasına yola salınacaq. Əldə olunan bilik və təcrübənin universitetdə tətbiqi idarəetmə keyfiyyətinin yüksəldilməsinə, beynəlxalq standartların daha geniş şəkildə mənimsənilməsinə və yeni inkişaf mərhələsinin formalaşmasına xidmət edəcək.
Azərbaycan ilə Çin arasında siyasi, iqtisadi və humanitar əlaqələrin sürətlə inkişaf etməsi ali təhsil sahəsində də yeni çağırışlar yaradır. Bu çağırışlara uyğun olaraq Naxçıvan Dövlət Universitetində 2026–2027-ci tədris ilindən etibarən "Tərcümə (Çin–Azərbaycan dilləri)" ixtisası üzrə kadr hazırlığına başlanılması da universitetin beynəlxalq inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Yeni ixtisas əmək bazarında Çin dili bilən peşəkar mütəxəssislərə artan tələbatın qarşılanmasına, eyni zamanda Azərbaycan-Çin əlaqələrinin müxtəlif istiqamətlərdə inkişafına töhfə verəcək.
Naxçıvan Dövlət Universitetinin son illərdə həyata keçirdiyi inkişaf strategiyası göstərir ki, müasir ali təhsildə uğurun əsas göstəricisi beynəlxalq tərəfdaşlıqların, innovativ yanaşmaların və əmək bazarının tələblərinə uyğun kadr hazırlığının vahid inkişaf modelində birləşdirilməsidir. Universitet bu strategiya əsasında beynəlxalq əməkdaşlıqları praktik nəticələrə, qabaqcıl təcrübəni institusional inkişafa, elmi və akademik əlaqələri isə cəmiyyət üçün yüksəkixtisaslı insan kapitalının formalaşmasına istiqamətləndirir. Həyata keçirilən layihələr, tətbiq olunan yeni təhsil proqramları və genişlənən beynəlxalq əlaqələr Naxçıvan Dövlət Universitetinin qlobal ali təhsil məkanında mövqeyini daha da gücləndirir. Gələcəyə hesablanmış bu inkişaf modeli universitetin ölkənin sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun, müasir bilik və bacarıqlara malik, rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətini aydın şəkildə nümayiş etdirir.
GÜLAY TAHİRLİ
NDU Media və ictimaiyyətlə əlaqələr şöbəsi