Şagirdlərin mütaliəyə təşviq edilməsi, onlarda mütaliə vərdişləri və mədəniyyətinin yaradılması istiqamətində tədbirlər davamlı keçirilməlidir.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, bu barədə muxtar respublikanın ümumtəhsil məktəblərində aprel ayında keçirilən “Mütaliə aylığı”nın yekunu ilə bağlı tədbirdə danışılıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamının əhəmiyyətindən söz açıb. Vurğulanıb ki, mütaliənin şagirdlərin mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində müstəsna əhəmiyyəti nəzərə alınaraq ümumtəhsil məktəblərində bu sahədə şagirdlərlə məqsədyönlü maarifləndirmə işləri aparılır. Bu tədbirlərin davamlı və kütləvi xarakter daşıması məqsədilə nazirlik aprel ayını muxtar respublika ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edib.
Qeyd olunub ki, bu çərçivədə bir sıra tədbirlər keçirilib. Təqdirəlayiq haldır ki, bu ayda 3844 şagird oxuduğu əsərlər haqqında esse yazıb, 149 məktəbdə 946 şagirdin iştirakı ilə dram əsərlərindən parçalar səhnələşdirilib. Bundan başqa, “Oxu günü”nə, “Poeziya günü”nə, kitab müzakirələrinə, ədəbi-bədii gecələrə həsr edilmiş tədbirlərə 16 minə yaxın şagird cəlb edilib. Qeyd olunanlar şagirdlərin mütaliəyə kütləvi cəlbində və istedadlı şagirdlərin üzə çıxarılmasında aylığın keçirilməsinin nə qədər mühüm əhəmiyyət kəsb etdiyini bir daha göstərir.
Sonra tədbir bədii hissə ilə davam edib, “Pedaqoji fikir tarixindən” kitabından görkəmli pedaqoqlara aid seçmələr oxunub, musiqi nömrələri maraqla qarşılanıb.
Sonda esse və dram müsabiqələrinin qaliblərinə diplom, oxunması zəruri olan kitablar və hədiyyələr verilib.