Səhər saatlarıdır. Qardaş Türkiyədə bir klinikada həkim viziti başlayır, başqa bir universitet xəstəxanasında laboratoriyanın qapıları açılır, stomatoloji kabinetdə ilk pasiyent qəbul edilir. Türkiyənin altı fərqli şəhərində, altı nüfuzlu universitetində bu gün eyni həyəcanı yaşayan ağ xalatlılar arasında Naxçıvan Dövlət Universitetinin tələbələri də var. Onlar artıq auditoriya divarlarını aşaraq biliklərini real klinik mühitdə sınayır, gələcəyin həkimi və səhiyyə mütəxəssisi kimi peşələrinin incəliklərini beynəlxalq təcrübə ilə öyrənirlər.
Naxçıvan Dövlət Universitetinin Türkiyənin aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən yay təcrübəsi proqramı 221 tələbə və həkim-rezidenti eyni məqsəd ətrafında bir araya gətirib: öyrənmək, təcrübə qazanmaq və əldə olunan bilikləri gələcəkdə Azərbaycan səhiyyəsinin inkişafına töhfəyə çevirmək. Bu reportajda həmin böyük heyətin bir neçə nümayəndəsi ilə həmsöhbət olduq. Fərqli universitetlərdə, fərqli ixtisaslar üzrə təcrübə keçən tələbələr yaşadıqları ilk təəssüratları, qarşılaşdıqları yenilikləri və bu təcrübənin onlarda yaratdığı dəyişiklikləri bizimlə bölüşdülər.
Ankara Universitetinin Stomatologiya fakültəsində ağ xalatlı tələbələr gələcəyin peşəkar stamotoluqu olmaq uğrunda yorulmadan çalışırlar. Klinik otaqlarda müasir avadanlıqlar işləyir, həkimlər pasiyentlərlə ünsiyyət qurur, müəllimlər hər detalı diqqətlə izah edirlər. Bu mühitdə təcrübə keçən Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin “Stomatologiya” ixtisası üzrə IV kurs tələbəsi Elmira İsmayıllı üçün hər addım yeni bir kəşfə çevrilib.
İlk gündən universitetdəki iş prinsipi, yüksək intizam və texnoloji imkanlar onun diqqətini cəlb edib. Rəqəmsal görüntüləmə sistemləri, müasir stomatoloji avadanlıqlar və klinik proseslərin təşkili gələcək peşəsinə fərqli rakursdan baxmasına imkan yaradıb.
“Bu gün müasir müalicə metodlarını yaxından müşahidə etdim, sterilizasiya qaydalarının praktik tətbiqini izlədim və komanda şəklində işin nə qədər vacib olduğunu gördüm. Auditoriyada öyrəndiyimiz biliklərin klinikada necə həyata keçirildiyini izləmək mənim üçün çox dəyərli təcrübə oldu. İlk gündən hiss etdim ki, burada qazandığım biliklər gələcək fəaliyyətimdə mühüm rol oynayacaq”.
Elmira Ankara Universitetində keçirdiyi günlərin onun peşəkar stomatoloq kimi formalaşmasına böyük təsir göstərəcəyinə inanır.
Ankara Universitetinin klinikalarında keçirdiyi yay təcrübəsini gələcək həkimlik yolunda mühüm mərhələ kimi dəyərləndirən Naxçıvan Dövlət Universitetinin “Tibb” ixtisası üzrə III kurs əcnəbi tələbəsi Semih Atılkan deyir ki, burada qazandığı biliklər ona tibbin məsuliyyətini daha dərindən anlamağa kömək edib.
Semih Atılkan təcrübə müddətində daxili xəstəliklər, qadın-doğum və ginekologiya, ümumi cərrahiyyə, pediatriya və təcili yardım şöbələrində klinik prosesləri yaxından izləyib. Poliklinika, stasionar, reanimasiya və intensiv terapiya bölmələrində həkimlərlə birlikdə çalışan tələbə müxtəlif xəstə qrupları ilə işləmək, diaqnostik və müalicə proseslərini müşahidə etmək imkanı əldə edib.
“Əməliyyat otaqlarında olmaq, cərrahi komandanın koordinasiyasını izləmək və bütün prosesin necə idarə olunduğunu görmək mənim üçün ən yaddaqalan təcrübələrdən biri oldu. Həkimlərin klinik qərarvermə prosesi, sübuta əsaslanan tibbin gündəlik praktikada tətbiqi və pasiyentə kompleks yanaşması gələcək peşə fəaliyyətim üçün dəyərli nümunədir”.
Onun sözlərinə görə, çoxsaylı xəstə axını və mürəkkəb klinik hallarla qarşılaşmaq analitik düşünmə bacarığını, komanda şəklində işləmək vərdişini və peşə məsuliyyətini daha da gücləndirib.
“Hər gün fərqli klinik vəziyyətlərlə qarşılaşmaq bizə öyrətdi ki, həkimlik peşəsi davamlı öyrənmə, düzgün qərarvermə və yüksək məsuliyyət tələb edir. Xəstə ilə ilk ünsiyyətdən müalicənin yekununa qədər bütün mərhələləri izləmək mənim üçün çox qiymətli təcrübə oldu”.
Ankara Universitetinin Psixiatriya Anabilim Bölməsində hər gün fərqli həyat hekayələri ilə qarşılaşan Naxçıvan Dövlət Universitetinin “Psixologiya” ixtisası üzrə III kurs tələbəsi Türkan Zülfüqarlı deyir ki, bu təcrübə ona insan psixikasını real klinik mühitdə öyrənmək imkanı verib.
Bu müddətdə gerontologiya, yeniyetmələr və poliklinika şöbələrində müxtəlif klinik halları müşahidə edən tələbə psixoloji testlərin tətbiqi, diaqnostik qiymətləndirmə, müxtəlif psixi pozuntuların diaqnostik meyarları, pasiyentlərin ilkin müayinəsi və müalicə prosesinin mərhələləri ilə yaxından tanış olub.
“Hər şöbədə fərqli pasiyentlərlə işləmək, onların diaqnostik qiymətləndirilməsini izləmək və mütəxəssislərin qərarvermə prosesini müşahidə etmək mənim üçün çox dəyərli təcrübə oldu. Bu müddət ərzində nəzəri biliklərimin praktikada necə tətbiq olunduğunu gördüm və gələcək peşə fəaliyyətim üçün yeni biliklər qazandım”.
Hazırda təcrübəsini Ankara Universitetinin İbn Sina Xəstəxanasının Nevrologiya şöbəsində davam etdirən tələbə burada poliklinika, stasionar və reanimasiya bölmələrində həkimlərlə birlikdə klinik prosesləri izlədiyini, pasiyentlərin qiymətləndirilməsi və müalicə mərhələləri ilə yaxından tanış olduğunu bildirir. O qeyd edir ki, müasir tibbi yanaşmalarla işləmək, multidissiplinar komandanın fəaliyyətini izləmək və mürəkkəb klinik halları müşahidə etmək onun peşəkar dünyagörüşünü xeyli zənginləşdirib.
Ankara Universitetinin İbn Sina və Cebeci xəstəxanalarında iki həftəlik klinik təcrübə keçən Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin “Tibb” ixtisası üzrə V kurs tələbəsi Ağa Qasımov deyir ki, gələcəyin həkimi üçün ən dəyərli auditoriya xəstəxanadır.
Yay təcrübəsi müddətində təcili yardım, daxili xəstəliklər, qadın-doğum və ümumi cərrahiyyə şöbələrində çalışan Ağa Qasımov həkimlərin gündəlik fəaliyyətini yaxından izləmək imkanı əldə edib. O, xəstə qəbulu, anamnezin toplanması, fiziki müayinə, diaqnostik qiymətləndirmə və müalicə qərarlarının verilməsi prosesində iştirak edərək nəzəri biliklərini klinik mühitdə möhkəmləndirib.
“Həkimlərin qərarvermə prosesini izləmək, laborator analizlərin və görüntüləmə nəticələrinin necə qiymətləndirildiyini görmək mənim üçün çox faydalı oldu. Fiziki müayinə üsulları, klinik protokollar və pasiyentə yanaşma prinsipləri ilə bağlı biliklərim daha da dərinləşdi. Bu təcrübə mənə öyrətdi ki, peşəkar həkim olmaq üçün davamlı öyrənmək və praktik bacarıqları inkişaf etdirmək vacibdir”.
Ağa hesab edir ki, beynəlxalq klinik təcrübə gələcək həkimlərin peşəkar formalaşmasında mühüm rol oynayır. Onun fikrincə, real klinik mühitdə qazanılan biliklər və müşahidələr gələcək fəaliyyət üçün möhkəm təməl yaradır.
“Klinikada real vəziyyətlərlə qarşılaşmaq, həkim-pasiyent münasibətini müşahidə etmək və tibbi qərarların necə qəbul olunduğunu öyrənmək bizim inkişafımız üçün əvəzolunmaz təcrübədir”.
Müasir laboratoriyalarda ilk praktik müşahidələr, yeni texnologiyalar və peşəkar mütəxəssislərlə ünsiyyət... Naxçıvan Dövlət Universitetinin “Əczaçılıq” ixtisası üzrə II kurs tələbəsi Aysu Kazımzadə deyir ki, yay təcrübəsi onun gələcək peşəsinə baxışını daha da zənginləşdirib.
Aysunun sözlərinə görə, təcrübə proqramı auditoriyada öyrəndikləri nəzəri bilikləri real iş mühitində tətbiq etmək baxımından mühüm imkan yaradıb. Laboratoriyalarda istifadə olunan müasir avadanlıqlarla tanış olmaq, iş proseslərini yaxından izləmək və mütəxəssislərin fəaliyyətini müşahidə etmək onun üçün yaddaqalan təcrübəyə çevrilib.
“Daha əvvəl dərslərdə öyrəndiyimiz prosesləri bu dəfə praktik olaraq izlədik. Laboratoriyalarda istifadə olunan avadanlıqları yaxından tanıdıq, mütəxəssislərin iş prinsiplərini müşahidə etdik və onların tövsiyələrindən faydalandıq. Bu təcrübə peşəmizə olan marağımızı daha da artırdı, gələcək fəaliyyətimiz üçün bizə əlavə motivasiya verdi”.
Ankaradakı Qazi Xəstəxanasında yay təcrübəsini davam etdirən Naxçıvan Dövlət Universitetinin “Hərbi tibb” ixtisası üzrə tələbəsi Abdulla Abdullayev deyir ki, bu proqram ona klinik yanaşmaları fərqli prizmadan görmək imkanı yaradıb.
Abdullanın sözlərinə görə, təcrübə proqramının təşkilati məsələləri Naxçıvan Dövlət Universiteti tərəfindən əvvəlcədən koordinasiya olunduğu üçün tələbələr ilk gündən diqqətlərini birbaşa klinik fəaliyyətə yönəldə biliblər. Bu da onların təcrübə müddətindən daha səmərəli istifadə etmələrinə şərait yaradıb.
“Qazi Xəstəxanasında pasiyentlərə yanaşma prinsiplərini, müxtəlif klinik vəziyyətlərdə tətbiq olunan müalicə metodlarını və dərman vasitələrinin seçilməsi meyarlarını yaxından müşahidə edirəm. Həkimlərin qərarvermə prosesi və iş prinsipləri mənim üçün çox maraqlı oldu. Burada öyrəndiyim metodları Azərbaycana qayıtdıqdan sonra da inkişaf etdirməyə və gələcək peşə fəaliyyətimdə tətbiq etməyə çalışacağam”.
“Səhiyyə nədir? Gerçək həkim kimdir? Daha yaxşı həkim olmaq üçün nə öyrənmək lazımdır?” Naxçıvan Dövlət Universitetinin “İctimai səhiyyə” ixtisası üzrə II kurs tələbəsi Ülvi Hacızadə deyir ki, Qazi Universitetində keçdiyi yay təcrübəsi onun bu suallara cavabı klinik mühitdən tapmasına kömək edib.
Ülvinin sözlərinə görə, təcrübə müddətində qazandığı ən böyük dəyər tibbi biliklərdən daha çox, həkim peşəsinin mahiyyətini yaxından görmək olub. Klinik prosesləri izləmək, həkimlərin pasiyentlərlə ünsiyyətini müşahidə etmək və bir növbəni onlarla birlikdə keçirmək onun peşəyə baxışını daha da zənginləşdirib.
"Bu təcrübə mənə göstərdi ki, yaxşı həkim olmaq təkcə tibbi biliklərə sahib olmaq deyil, həm də insanı anlamaq, məsuliyyət hissini daşımaq və hər pasiyentə eyni diqqətlə yanaşmaqdır. Gün ərzində birlikdə çalışdığımız həkimlərin peşəkarlığı, münasibəti və işə bağlılığı mənə çox dəyərli həyat dərsləri verdi. Burada qazandığım təcrübə gələcək fəaliyyətimdə daim mənə yol göstərəcək”.
Ülvi Hacızadə hesab edir ki, beynəlxalq təcrübə proqramı onun həm peşəkar, həm də şəxsi inkişafında mühüm iz buraxıb.
Bir neçə il sonra bu tələbələr həkim adını qazanacaqlar, indi təcrübəçi olsalar da, gələcəkdə ciddi qərarlar verən mütəxəssislər kimi fəaliyyət göstərəcəklər. Ancaq müxtəlif universitetlərinin auditoriyalarında, klinikalarında və əməliyyat otaqlarında qazandıqları ilk beynəlxalq təcrübə onların peşə yolunun ən dəyərli səhifələrindən biri kimi yadda qalacaq.
Tələbələrimiz bu imkanın onların peşəkar kimi formalaşmasında mühüm dönüş nöqtəsi olduğunu vurğulayaraq beynəlxalq təcrübə proqramının həyata keçirilməsinə göstərilən dəstəyə görə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevə və universitet rəhbərliyinə minnətdarlıqlarını bildirirlər. İnanırlar ki, bu gün öyrəndikləri hər yeni metod, müşahidə etdikləri hər klinik yanaşma və qazandıqları hər təcrübə sabah Ana Vətəndə minlərlə insanın sağlamlığına xidmət edəcək.
Siz biliyinizlə bu torpağın insan-qayalarında iz qoyacaqsınız və Vətən sizə “Oğul” deyəcək, əziz gənclər! Biz inanırıq! Yolunuz açıq olsun!
GÜLAY TAHİRLİ
NDU Media və ictimaiyyətlə əlaqələr şöbəsi
