XIII əsrin sonu və XIV əsrin əvvəllərində yaşayıb-yaratmış Azərbaycan alimi Məhəmməd ibn Mahmud ibn Hacı Şirvaninin “Ətriyyat bağı” əsəri çapdan çıxıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan NUHÇIXAN-a bildiriblər ki, kitab əczaçılıq sənətindən bəhs edir. Nəşrdə mineral, bitki və heyvan mənşəli dərmanların hazırlanması, sınaqdan keçirilməsi, müxtəlif xəstəliklər zamanı içkilərin və qidaların hazırlanma qaydaları, ərəb əlifbasına uyğun sıralanma ilə ədviyyatların geniş şərhi və s. faydalı məlumatlar yer alır.
Əsəri Əlyazmalar İnstitutunun əməkdaşı Müzafəddin Əzizov ərəb dilindən tərcümə edib. “Ön söz”ün müəllifi professor Kamandar Şəriflidir. Kitabın elmi redaktoru professor Fərid Ələkbərlidir.
Orta əsrlərdə Azərbaycanda tibb elminin inkişafında xüsusi yer tutan irihəcmli “Ətriyyat bağı” əsəri müasir dövrün tibb mütəxəssisləri üçün dəyərli mənbə sayıla bilər.