Müasir dövrdə ali təhsil müəssisələrinin uğuru artıq yalnız tədrisin keyfiyyəti ilə deyil, həm də elmi fəaliyyətinin beynəlxalq səviyyədə tanınması ilə qiymətləndirilir. Qloballaşan elm məkanında universitetlərin beynəlxalq nüfuzunun formalaşmasında Scopus və Web of Science (WoS) bazalarında indekslənən elmi nəşrlər mühüm rol oynayır. Bu platformalarda dərc olunan məqalələr universitetlərin elmi potensialını, tədqiqat imkanlarını və beynəlxalq əməkdaşlıq səviyyəsini əks etdirən əsas göstəricilərdən hesab olunur.
Bu gün dünyanın aparıcı universitet reytinqləri QS, Times Higher Education (THE) və digər nüfuzlu qiymətləndirmə sistemləri elmi məhsuldarlıq, sitat sayı və beynəlxalq görünürlük kimi göstəriciləri nəzərə alır. Xüsusilə Times Higher Education reytinqində tədqiqat məhsuldarlığının qiymətləndirilməsində Scopus bazasında indekslənən nəşrlər əsas məlumat mənbələrindən biridir.
Scopus və WoS bazalarında dərc olunan məqalələr universitetlərin qlobal elmi informasiya məkanında görünürlüğünü artırır. Belə nəşrlər müxtəlif ölkələrin alimləri tərəfindən daha asan aşkar edilir, oxunur və sitat gətirilir. Nəticədə universitetlərin elmi təsir göstəriciləri yüksəlir, beynəlxalq elmi əməkdaşlıq imkanları genişlənir və xarici tədqiqatçılarla birgə layihələrin sayı artır.
Araşdırmalar göstərir ki, Scopus və Web of Science bazalarında indekslənən nəşrlərin sayı universitetlərin beynəlxalq reytinqlərdəki mövqeyi ilə əhəmiyyətli dərəcədə əlaqəlidir. Xüsusilə Scopus nəşrlərinin sayı bir çox universitetlərin yüksək mövqelərə yüksəlməsini proqnozlaşdıran əsas amillərdən biri hesab edilir.
Bununla yanaşı, yalnız məqalələrin sayını artırmaq kifayət etmir. Əsas məqsəd yüksək elmi keyfiyyətə malik, nüfuzlu jurnallarda dərc olunan və geniş sitat alan tədqiqatların hazırlanmasıdır. Keyfiyyətli elmi nəşrlər universitetin akademik nüfuzunu möhkəmləndirir, beynəlxalq qrantların qazanılması ehtimalını artırır və istedadlı tələbə və tədqiqatçıların həmin ali təhsil müəssisəsinə marağını yüksəldir.
Lakin bu istiqamətdə yalnız kəmiyyət göstəricilərinə üstünlük vermək düzgün yanaşma deyil. Elmi etikaya riayət olunması, etibarlı və nüfuzlu jurnalların seçilməsi, saxta və ya keyfiyyətsiz nəşrlərdən uzaq durulması universitetlərin uzunmüddətli beynəlxalq nüfuzunun qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Son illərdə "dərc et və ya məhv ol" yanaşmasının bəzi hallarda keyfiyyətsiz nəşrlərin artmasına səbəb olduğu da qeyd edilir.
Müasir dövrdə qlobal səviyyəli universitet olmaq uğrunda rəqabət yeni mərhələyə qədəm qoyub. Artıq ali təhsil müəssisələrinin uğuru yalnız elmi nəşrlərin sayı və ya tədrisin keyfiyyəti ilə ölçülmür. Universitetlər eyni zamanda əldə etdikləri elmi nəticələri innovasiyalara, sənaye tərəfdaşlıqlarına və cəmiyyət üçün real fayda yaradan həllərə çevirmək bacarığı ilə qiymətləndirilirlər. Bu baxımdan elmi mükəmməllik anlayışı da yeni məzmun qazanır.
Yüksək impakt faktorlu jurnallarda dərc olunan məqalələr və onlara edilən istinadlar universitetlərin beynəlxalq nüfuzunun əsas göstəricilərindən biri olaraq qalır. Lakin bu gün universitetlərdən yalnız elmi nəticələr deyil, həm də həmin nəticələrin iqtisadi inkişaf, texnoloji tərəqqi və sosial rifaha verdiyi töhfələr gözlənilir. Müasir universitet artıq təkcə bilik istehsal edən elm ocağı deyil, həm də innovasiya və inkişafın aparıcı qüvvəsidir.
Qloballaşan dünyada beynəlxalq əməkdaşlıq universitetlərin rəqabət üstünlüyünü müəyyən edən mühüm amillərdəndir. Süni intellekt, iqlim dəyişikliyi, enerji təhlükəsizliyi və yoxsulluq kimi qlobal problemlər ayrı-ayrı ölkələrin deyil, ortaq elmi səylərin nəticəsində həll oluna bilər. Buna görə də universitetlər beynəlxalq tədqiqat layihələrində, həmmüəllif nəşrlərdə və elmi tərəfdaşlıqlarda daha fəal iştirak etməli, bilik və təcrübələrini dünya elmi ictimaiyyəti ilə bölüşməlidirlər.
Bu gün universitetin uğuru yalnız yaratdığı biliklə deyil, həmin biliyin cəmiyyətə və dünyaya necə dəyər qazandırması ilə ölçülür. Məhz bu yanaşma ali təhsilin gələcəyini müəyyənləşdirən əsas meyarlardan biri kimi çıxış edir.
Elmin inkişafı bu gün universitetlərin beynəlxalq nüfuzunu müəyyən edən əsas meyarlardan birinə çevrilib. Bu istiqamətdə son illərdə Naxçıvan Dövlət Universitetində əldə olunan nailiyyətlər ali təhsil müəssisəsinin elmi potensialının əhəmiyyətli dərəcədə gücləndiyini göstərir. Scopus və Web of Science (WoS) kimi nüfuzlu elmmetrik bazalarda indekslənən yüksək impakt faktorlu jurnallarda dərc olunan məqalələrin sayındakı artım universitetin beynəlxalq akademik məkanda görünürlüğünü əhəmiyyətli dərəcədə yüksəldib.
Universitetdə həyata keçirilən elmi strategiya tədqiqat keyfiyyətinin yüksəldilməsinə, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və alimlərin yüksək reytinqli elmi jurnallarda nəşr fəaliyyətinin təşviqinə yönəlib. Məhz bu məqsədyönlü siyasətin nəticəsi olaraq NDU alimlərinin Scopus və Web of Science bazalarında indekslənən məqalələrinin sayı son illərdə əvvəlki illərlə müqayisdə əhəmiyyətli dərəcədə artıb. Diqqətçəkən məqamlardan biri də beynəlxalq həmmüəllifli tədqiqatların geniş vüsət almasıdır. Scopus və Web of Science bazasında nəşr olunan məqalələrin bir çoxu xaric ölkənin tədqiqatçıları ilə birgə hazırlanıb. Bu göstəricilər Naxçıvan Dövlət Universitetinin qlobal elmi əməkdaşlıq şəbəkəsində fəal iştirak etdiyini və beynəlxalq tədqiqat mühitinə uğurla inteqrasiya olunduğunu nümayiş etdirir.
Universitet rəhbərliyi yüksək impakt faktorlu nəşrləri yalnız statistik göstərici kimi deyil, həm də elmi keyfiyyətin əsas meyarı kimi qiymətləndirir. Bu məqsədlə Scopus və Web of Science bazalarında yer alan jurnallarda məqalə dərc etdirən alimlər üçün maddi stimullaşdırma mexanizmi tətbiq edilir. Müvafiq əmrlərə əsasən, yüksək impakt faktorlu jurnallarda dərc olunan məqalələrə görə alimlərə birdəfəlik mükafatlar verilir ki, bu da universitet rəhbərliyinin akademik heyətə olan diqqət və qayğısı ilə yanaşı, elmi fəaliyyətin davamlılığını təşviq edən mühüm addımlardan biridir.
NDU-da formalaşdırılan elmi mühit öz nəticələrini elmmetrik göstəricilərdə də göstərir. Universitetin Scopus üzrə Hirş indeksi 20-ə, Web of Science üzrə isə 15-ə yüksəlib. Bununla yanaşı, akademik heyətin elmi məhsuldarlığı əhəmiyyətli dərəcədə artaraq hər müəllimə düşən nəşr sayını yüksəldib. Bu dinamika universitetin tədqiqat potensialının davamlı inkişaf etdiyini təsdiqləyir. Təsadufi deyil ki, Naxçıvan Dövlət Universitetinin Times Higher Education Impact Rankings 2026 reytinqində dünyanın 801–1000 ən yaxşı universiteti sırasında yer alması universitetin beynəlxalq akademik məkanda mövqeyinin möhkəmləndiyini göstərən mühüm nailiyyətdir. Bu nəticə universitetin təhsil, tədqiqat, innovasiya və dayanıqlı inkişaf istiqamətlərində həyata keçirdiyi fəaliyyətlərin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini təsdiqləyir.
Dayanıqlı İnkişaf Məqsədləri üzrə müxtəlif istiqamətlərdə əldə olunan göstəricilər universitetin yalnız keyfiyyətli təhsil və elmi tədqiqatlarla deyil, həm də cəmiyyətə fayda verən təşəbbüsləri, beynəlxalq əməkdaşlığı və sosial məsuliyyət prinsiplərinə sadiqliyi ilə seçildiyini nümayiş etdirir.
Bu uğur son illərdə elmi fəaliyyətin gücləndirilməsi, beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi və innovativ layihələrin həyata keçirilməsi istiqamətində görülən məqsədyönlü işlərin məntiqi nəticəsidir.
Əldə olunan uğurlar universitetin beynəlxalq reytinqlərdə mövqeyinin möhkəmlənməsinə də öz töhfəsini verir. Elmi nəşrlərin keyfiyyəti, sitat göstəricilərinin yüksəlməsi və beynəlxalq əməkdaşlığın genişlənməsi nəticəsində Naxçıvan Dövlət Universiteti müxtəlif qlobal reytinqlərdə yerini yaxşılaşdıraraq dünyanın aparıcı universitetləri sırasında təmsil olunmağa başlayıb.
Bu gün Naxçıvan Dövlət Universiteti alimlərinin yüksək impakt faktorlu nəşrləri təkcə fərdi elmi nailiyyət deyil, həm də universitetin strateji inkişaf modelinin uğurunun göstəricisidir. Beynəlxalq standartlara uyğun aparılan tədqiqatlar, nüfuzlu elmi jurnallarda dərc olunan məqalələr və dünya alimləri ilə qurulan əməkdaşlıqlar NDU-nun regionun aparıcı tədqiqat universitetlərindən birinə çevrilməsi istiqamətində atdığı mühüm addımların real nəticəsidir.
Türkan İsmayıllı
Naxçıvan Dövlət Universiteti
“İngilis dili və metodika” kafedrasının müdiri
Filologiya üzrə fəlsəfə doktoru
