NUHÇIXAN xəbər verir ki, Akkreditasiya Şurasının növbəti iclasında Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən "2024-cü və 2025-ci təqvim ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi Qrafiki"nə uyğun olaraq aparılmış institusional akkreditasiyanın nəticələri müzakirə edilib.
Qəbul edilmiş qərara əsasən, Naxçıvan Dövlət Universiteti növbəti 5 il müddətinə institusional akkreditasiya olunmuş ali təhsil müəssisəsi hesab edilib və ölkədə yüksək nəticə göstərən universitetlər sırasında yer alıb.
Qeyd edək ki, institusional akkreditasiya ali təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına, keyfiyyət təminatı meyarlarına və müasir ali təhsil tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədilə həyata keçirilir. Bu proses universitetdə təhsilin keyfiyyətinin davamlı şəkildə yüksəldilməsinə, idarəetmə sisteminin təkmilləşdirilməsinə və dayanıqlı inkişafın təmin olunmasına xidmət edir.
Naxçıvan Dövlət Universitetinin növbəti 5 il müddətinə institusional akkreditasiyadan keçməsi universitetdə keyfiyyət təminatı sisteminin uğurla tətbiq olunduğunu, təhsil, elm və idarəetmə sahələrində həyata keçirilən islahatların müsbət nəticələr verdiyini bir daha təsdiqləyir.
