Təsviri sənət istiqaməti üzrə qabiliyyət imtahanlarında iştirak edən və nəticələrlə bağlı apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər (subbakalavrlar) üçün qeydiyyat tarixləri açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) NUHÇIXAN-a bildirilib ki, bakalavriat səviyyəsi üzrə 13-cü (Təsviri incəsənət müəllimliyi) komissiyanın rəsm fənni üzrə imtahan nəticələrindən narazı qalan abituriyentlər (subbakalavrlar) iyulun 27-si saat 10:00-dan iyulun 28-i saat 17:00-dək “apelyasiya.dim.gov.az” saytında elektron ərizə doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Ümumi (9 illik) orta təhsil bazasında 211-ci (Təsviri sənət) komissiyasının rəsm fənni üzrə imtahan nəticələri ilə bağlı apellyasiya müraciətləri isə iyulun 29-u saat 10:00-dan iyulun 30-u saat 17:00-dək qəbul olunacaq.
Qeyd olunub ki, müəyyən edilmiş müddətdə qeydiyyatdan keçməyən şəxslər sonradan həmin komissiyalar üzrə apellyasiya komissiyasına müraciət edə bilməyəcəklər.
Abituriyentlər müraciət etməzdən əvvəl imtahan nəticələri, tapşırığın yerinə yetirildiyi rəsm vərəqinin fotosurəti, qiymətləndirmə meyarları və qiymətləndirmə şkalası ilə tanış olmalıdırlar. Elektron ərizədə çəkilmiş rəsmlə bağlı müraciətin məzmunu ətraflı qeyd edilməli, həmçinin iddianın qiymətləndirmə meyarlarının hansı bəndinə aid olduğu göstərilməlidir.
Müraciətin məzmunu göstərilməyən elektron ərizələr qəbul olunmur və araşdırılmır. Elektron qeydiyyat zamanı yalnız müvafiq apellyasiya komissiyası və fənn üzrə müraciətin məzmununun yazılması tələb olunur.
