Naxçıvanda rus dili və ədəbiyyatı fənni üzrə olimpiada keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbdə VII-VIII sinif şagirdləri arasında rus dili və ədəbiyyatı fənni üzrə XI respublika olimpiadası keçirilib.

Olimpiadada Rusiya Federasiyasının ölkəmizdəki Səfirliyinin müşaviri, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri Valentin Denisov və səfirliyin əməkdaşları iştirak ediblər. Əvvəlcə qonaqlar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Sonra Heydər Əliyev Muzeyində  olan qonaqlara Ümummilli liderin həyatını və ictimai-siyasi fəaliyyətini əks etdirən eksponatlar barədə ətraflı  məlumat verilib. Ulu öndərin  fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotolar, həyatının müxtəlif məqamlarını əks etdirən sənədlər, həmçinin Ümummilli liderə həsr olunan kitablar  qonaqlar tərəfindən maraqla izlənib.

Eyni zamanda Ümummilli liderin Rusiya Federasiyasının  prezidentləri ilə görüşü zamanı çəkilmiş fotoşəkillər, Azərbaycan və Rusiya arasında iqtisadi və siyasi əlaqələrdən bəhs edən sənədlər qonaqlarda marağa səbəb olub.

Sonra Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbdə rus dili və ədəbiyyatı fənni üzrə XI respublika olimpiadasının açılışı olub. Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Abdulla Əsgərov və məktəbin direktoru Samirə İsmayılova qonaqları salamlayıblar.

Rusiyanın ölkəmizdəki səfirliyinin müşaviri, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri Valentin Denisov Naxçıvanda olmasından məmnunluğunu bildirib. Qeyd edib ki,  keçirilən olimpiadalar rus dili və ədəbiyyatının mənimsənilməsi və təbliği baxımından uğurlu nəticələr verir. Naxçıvanda keçirilən olimpiadaya altı ildir rəhbərlik edən Valentin Denisov Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında rus dilində məktəblərin fəaliyyət göstərməsini sevindirici hal kimi qiymətləndirib. Vurğulanıb ki, Azərbaycan məktəblərində rus dilinin tədris olunması iki ölkə arasında dostluq münasibətlərinin, qarşılıqlı mədəni inkişafın göstəricisidir.

Tədbirin bədii hissəsində məktəbin şagirdlərinin ifasında Azərbaycan və rus dillərində şeirlər və mahnılar səsləndirilib, ədəbi-bədii proqram təqdim edilib.

Şagirdlər oyunun qaydaları haqqında məlumatlandırıldıqdan sonra olimpiadaya start verilib. Olimpidada Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbdən 40, digər ümumtəhsil məktəblərindən isə 31 şagird olmaqla ümumilikdə 71 şagird iştirak edib. 

 

Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: