Türkiyə mediası azərbaycanlı tələbələrin Londonda memarlıq üzrə beynəlxalq təcrübəni öyrənməsi barədə yazıb
Azərbaycan Dövlət İncəsənət Akademiyasının (ADRA) tələbələri Londonda memarlıq üzrə beynəlxalq təcrübəni öyrəniblər.
NUHÇIXAN xəbər verir ki, Türkiyənin aparıcı çap media orqanlarından biri olan “Hürriyet” qəzetində azərbaycanlı tələbələrin Böyük Britaniyaya səfəri haqqında məqalə dərc olunub.
Məqalədə ADRA-nın üçüncü kurs tələbələri Mədinə Ağaməmmədova və Seyidfatimə Məmmədovanın Böyük Britaniyanın Azərbaycandakı səfirliyi tərəfindən dəstəklənən beynəlxalq layihə çərçivəsində Londonda peşəkar bacarıqların artırılması proqramında iştirak etdikləri qeyd olunub.
Məqalədə qeyd olunur: “Proqramın əsas məqsədi gənc memarların su ehtiyatlarının effektiv idarə olunması, dayanıqlı urbanizasiya və müasir memarlıq yanaşmaları sahələrində yaradıcı potensialını inkişaf etdirmək, onlara beynəlxalq təcrübəni öyrənmək və qlobal arxitektorlar icması haqqında fikir formalaşdırmaq imkanı vermək olub”.
Tələbələr proqram çərçivəsində aparıcı memarlıq firmalarının London ofislərini ziyarət edib, onların ixtisaslaşdığı sahələr haqqında məlumat alıb, beynəlxalq layihələri araşdırıb və davamlı arxitektura prinsiplərini, innovativ həlləri və şəhərsalmaya müasir yanaşmaları nəzərdən keçiriblər.
Tanınmış memarlar və mütəxəssislərlə müzakirələr də aparılıb.
Məqalənin müəllifi Samir Aslan yazır ki, tələbələrlə yanaşı, ADRA-nın bir qrup mütəxəssisi Britaniya Memarlar Kral İnstitutu (RIBA) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən proqramda iştirak edib.
Qəzet qeyd edir ki, bu təşəbbüs Azərbaycandan olan tələbələrin nəzəri biliklərini praktik təcrübə ilə zənginləşdirmək, beynəlxalq peşəkar əlaqələr qurmaq və memarlıq dünyasını daha yaxından anlamaq fürsətinə çevrilib.
