NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşlarının iştirakı ilə "Pedaqoji mühazirələr"ə həsr olunmuş konfrans-müsabiqə keçirib.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, mühazirələrin yazılmasında ümumi təhsil sistemində çalışan müəllimlər, məktəb rəhbərləri, metodistlər, psixoloqlar, kitabxanaçılar və uşaq birliyi rəhbərləri iştirak ediblər. Pedaqoji mühazirələr 2 mərhələdə-rayon, şəhər və muxtar respublika mərhələləri üzrə təşkil olunub. Ümumilikdə ümumtəhsil məktəblərinin hazırladıqları 257 pedaqoji mühazirə dinlənilib. Mövzunun aktuallığı, təcrübi əhəmiyyəti, orijinallığı baxımından uyğun gələn və innovativ xarakterə, səmərəli təcrübəyə əsaslanan 29 pedaqoji mühazirə müəllifi muxtar respublika üzrə seçmələrdə iştirak etmək hüququ qazanıb.
Sonra mövzu ilə bağlı çıxışlar dinlənilib.
Qeyd edək ki, ümumtəhsil məktəblərində müəllimlər tərəfindən pedaqoji mühazirələrin keçirilməsində əsas məqsəd ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdır.
Pedaqoji mühazirələrin keçirilməsi qaydalarına uyğun olaraq Təhsil Nazirliyinin və Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları, bölmə rəhbərləri və üzvləri tərəfindən pedaqoji mühazirələrə dair verilən rəylər əsasında muxtar respublika mərhələsinin qalibləri müəyyənləşdiriləcək. Qaliblər Təhsil Nazirliyi tərəfindən mükafatlandırılacaqlar.
Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.
Turab Hacızadə