NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində “Naxçıvan Muxtar Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri” kitabının təqdimatı olub.
Tədbirdə Bölmənin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri” kitabı həyata keçirilən ekoloji tədbirləri əhatə edən və muxtar respublikanın biomüxtəlifliyini flora və faunasını özündə əks etdirən dəyərli mənbədir. Yeni nəşrdə milli qoruq və parklar haqqında geniş məlumatlar, onların coğrafi mövqeyi, qədim tarixə malik mədəniyyət abidələri, eyni zamanda “Qırmızı kitab”a daxil olan flora və fauna növləri öz əksini tapıb.
Sonra AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov qeyd edib ki, “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində nəfis tərtibatda 300 tirajla nəşr olunan bu kitab Naxçıvan təbiətinin dünyada tanıdılması baxımından da əhəmiyyətlidir. Kitabda əlverişli coğrafi mövqeyin, turizm məkanları haqqında ətraflı məlumatın verilməsi Naxçıvanın turizm potensialının tanıdılmasına, bu ərazilərə daha çox turistin cəlb olunmasına imkan yaradır. Vurğulanıb ki, kitabda adları çəkilən ərazilərə səyahət edən turistlərə bələdçilər vasitəsilə müxtəlif turlar təklif olunur.
Tariyel Talıbov muxtar respublikada qorunub saxlanılan flora və fauna növləri haqqında, qoruqların və yasaqlıqların, bir sözlə xüsusi mühafizə olunan təbiət ərazilərinin əhəmiyyəti barədə ətraflı məlumat verib.
Tədbirdə AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun şöbə müdiri, professor Əliyar İbrahimov, institutun laboratoriya rəhbəri Sahib Hacıyev çıxış edərək kitabı Naxçıvan torpaqlarının öyrənilməsinə və qiymətləndirilməsinə həsr olunan sanballı tədqiqat əsəri adlandırıblar.
Turab Hacızadə