Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalının (www.dqmk.nmr.az) yeni variantı aprel ayında istifadəyə verilib. Komissiya tərəfindən müvafiq dövlət orqanlarının müraciətləri nəzərə alınmaqla vakant aparat rəhbəri, şöbə müdiri və sektor müdiri vəzifələrinin tutulması üçün 11 nəfərin iştirakı ilə test imtahanları keçirilib, 5 nəfər müvəffəqiyyət qazanaraq sertifikat əldə edib. Həmçinin dövlət qulluğu, vergi və gömrük orqanlarında xidmətə qəbul, eləcə də müəllimlərin işə qəbulu üçün təşkil edilmiş hazırlıq kurslarında 169 nəfər iştirak edib, 77 nəfərin iştirakı ilə sınaq imtahanları keçirilib.
Dövlət Bayrağı Muzeyində keçirilən təntənəli andiçmə mərasimində ilk dəfə dövlət qulluğuna qəbul edilən 88 nəfər iştirak edib. Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri üçün “Dövlət orqanlarında vətəndaşların dövlət qulluğuna müsabiqə vasitəsilə qəbulu qaydaları” və“ İnkişaf etmiş ölkələrdə dövlət qulluğu” mövzularında açıq dərs, “Vətəndaşların dövlət qulluğuna qəbulunun stimullaşdırılması” adlı ilk startap layihəsinin təqdimatı olub.
35 nəfərin iştirakı ilə “Dövlət orqanlarında sənədlərlə işin aparılması qaydaları” mövzusunda maarifləndirici seminar keçirilib, Dövlət Gömrük Komitəsi ilə birlikdə gömrük orqanlarına işə qəbulla bağlı müsabiqə elan edilib. Ehtiyat kadrlarla işin təşkili məsələləri də diqqətdə saxlanılıb, ehtiyat kadrlar siyahısında olan 1 namizəd vakant vəzifəyə təyin olunub.