Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Naxçıvan Muxtar Respublikasında 2026–2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, yol və nəqliyyat infrastrukturunun yenilənməsi, təhsil infrastrukturunun inkişaf etdirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsini nəzərdə tutur.
Bu istiqamətlər Naxçıvanın gələcək inkişafının əsas sütunlarını müəyyənləşdirir: daha güclü enerji təminatı, daha müasir nəqliyyat və yol şəbəkəsi, yenilənən infrastruktur və bütün bunların fövqündə dayanan təhsil və insan kapitalı.
Məhz bu kontekstdə Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yataqxana kompleksinin tikintisinə 25 milyon manat vəsaitin ayrılması xüsusi məna qazanır. Çünki infrastrukturun, iqtisadiyyatın və istehsalın inkişafını davamlı edən əsas amil insandır. NDU-ya yönələn bu investisiya da Naxçıvanın yalnız bu gününə deyil, həm də gələcək insan kapitalına qoyulan sərmayədir.
NDU uzun illərdir Naxçıvanın intellektual potensialının formalaşmasında mühüm rol oynayır və bu istiqamətdə dahi şəxsiyyət Heydər Əliyev irsinin xüsusi yeri var. Ümummilli Lider müxtəlif illərdə – 1974, 1992-ci ildə iki dəfə və 1999-cu ildə olmaqla, ümumilikdə 4 dəfə Naxçıvan Dövlət Universitetində olub, universitetin inkişafına xüsusi diqqət və qayğı göstərib.
Ulu Öndərin Fəxri Doktoru olduğu Naxçıvan Dövlət Universiteti ilə bağlı müəyyənləşdirdiyi strateji istiqamət yeni mərhələdə davam etdirilir. Bu baxımdan cənab Prezidentin imzaladığı Sərəncam NDU-nun tarixi missiyasının, artan potensialının və gələcəyə hesablanan inkişafının növbəti mərhələsi kimi dəyərləndirilə bilər.
Naxçıvan Dövlət Universitetinə son illərdə artan maraq 1000 yerlik yeni yataqxana kompleksinə olan ehtiyacı daha aydın göstərir. Universitet bu gün yalnız Naxçıvanın deyil, Azərbaycanın müxtəlif bölgələrinin və xarici ölkələrin gəncləri üçün də cəlbedici ali təhsil məkanına çevrilir. Hazırda NDU-da dünyanın 22 müxtəlif ölkəsindən 2000-ə yaxın əcnəbi tələbənin təhsil alması universitetin beynəlxalq tələbə coğrafiyasının miqyasını nümayiş etdirir.
Bununla yanaşı, Azərbaycanın müxtəlif regionlarından Naxçıvana təhsil almağa gələn tələbələrin sayı, universitetin 250-dən çox ixtisas və ixtisaslaşma üzrə hazırlıq aparması, çoxprofilli strukturu və 12000-ə yaxın tələbə kontingenti NDU-nun artıq genişmiqyaslı təhsil mühiti formalaşdırdığını göstərir.
Bu rəqəmlər fonunda yeni yataqxana kompleksinin tikintisi NDU-ya artan marağın qarşılanması və universitetin gələcək tələbə potensialına hazırlıq deməkdir.
Tələbə sayı və coğrafiyası böyüdükcə, universitetin tədris imkanları ilə yanaşı, tələbə yaşayış infrastrukturu da böyüməlidir. Prezidentin 25 milyon manatlıq dəstəyi məhz bu ehtiyacın vaxtında qarşılanmasına yönəlmiş mühüm addımdır.
Bu gün universitetimizin inkişafı üçün yaradılan hər yeni imkan bizdə daha böyük hədəflər qarşısında daha böyük inam yaradır. Tələbələrimiz, müəllimlərimiz və bütün universitet kollektivi üçün yaradılan şərait dövlətimizin təhsilə verdiyi yüksək dəyərin göstəricisidir. Bu etimad və diqqət bizi daha çox çalışmağa, daha uğurlu nəticələr əldə etməyə və NDU-nun adını daha yüksəklərə daşımağa ruhlandırır.
Dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunan, Naxçıvanın elm və təhsil həyatında xüsusi yer tutan, zəngin tarixə və böyük ənənələrə malik Naxçıvan Dövlət Universitetinin bir üzvü olmaq böyük qürur və məsuliyyətdir.
GÜLAY TAHİRLİ
NDU Media və ictimaiyyətlə əlaqələr şöbəsi
