“Xəmsə” milli intellektual oyununun qalibi müəyyənləşib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətin NUHÇIXAN-a verilən xəbərə görə, “Gənclər Mərkəzi”ndə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar gənc dövlət qulluqçuları arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə “Heydər Əliyev kuboku”nun yarımfinal və final mərhələləri keçirilib. Naxçıvan şəhərində fəaliyyət göstərən dövlət təşkilatlarından 16 komandanın iştirak etdiyi oyun 2 seçim, yarımfinal və final mərhələlərindən ibarət olub. Seçim mərhələlərində I və II yerlərə çıxan “Kəhraba” (Kənd Təsərrüfat Nazirliyi), “Nuh yurdu” (İcra Hakimiyyəti), “Mədəni irs” (Mədəniyyət Nazirliyi), “Qarabağlar” (Baş Sığorta Agentliyi), “Təhsil” (Təhsil Nazirliyi), “İqtisadçı” (İqtisadiyyat Nazirliyi), “Araz” (Dövlət Nəqliyyat Xidməti) və “Antiinhisar” (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi) komandaları yarımfinal mərhələsinə vəsiqə qazanıblar. “Bəlli”, “Şərtli”, “Sirli”, “Fərdi” və “Xəmsə” raundlarından ibarət olan oyunda “Nuh yurdu” (İcra Hakimiyyəti), “Təhsil” (Təhsil Nazirliyi), “İqtisadçı” (İqtisadiyyat Nazirliyi) və “Antiinhisar” (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi) komandaları final mərhələsində qalibiyyət uğrunda mübarizə aparıblar.
Oyunda daha çox xal toplayan “Antiinhisar” komandası I, “İqtisadçı” komandası II, “Nuh yurdu” komandası isə III yerə çıxıb. Qalib komandaya təşkilatçılar tərəfindən kubok, digər komandalara diplom, komanda üzvlərinə isə fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.
Ümumilikdə 80 nəfər gənc dövlət qulluqçusunun iştirak etdiyi oyun Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının, Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.