Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi bu gün başa çatır.
Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, abituriyentlər avqustun 19-u saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib ərizələrini təsdiqləməlidirlər.
Avqustun 19-u saat 10:05-ə olan məlumata görə, 81 min 346 abituriyent (subbakalavr) ərizəsini təsdiqləyib. Müsabiqədə yalnız ərizəsini təsdiq etmiş şəxslər iştirak edə biləcəklər.
Müsabiqədə iştirak edənlər elektron ixtisas seçimi ərizəsinin doldurulması və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli məsələlər və digər suallarla bağlı ödənişsiz fəaliyyət göstərən abituriyent məsləhət mərkəzlərinə müraciət edə bilərlər.
Məsləhət mərkəzləri 10 ali təhsil müəssisəsində, Dövlət İmtahan Mərkəzinin regional bölmələrinin yerləşdiyi şəhərlərdə, həmçinin müəyyən olunmuş tarixlərdə 50-dən çox bölgədə rayon təhsil sektorlarında fəaliyyət göstərir.
