Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən məlumata görə, ali məktəbdə Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin hamiliyinə verilmiş müvafiq ixtisaslarda təhsil alan tələbələrlə görüş keçirilib. Görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov müvafiq ixtisaslarda təhsil alan tələbələrin hamiliyə verilməsi və “İdeyadan başlanğıca” devizi altında yeni layihələrin həyata keçirilməsinin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin rəisi Əli Hüseynəliyev Xidmət tərəfindən ali və orta ixtisas təhsili müəssisələri ilə birgə qarşılıqlı “Tədbirlər Planı” hazırlandığını bildirib. Layihələrin qiymətləndirilməsi, Xidmətdə təkliflərin dəyərləndirilməsi üçün “Ekspert qrupu” və ictimai əsaslarla fəaliyyət göstərən “Startapların Dəyərləndirilməsi Mərkəzi” yaradılıb. Naxçıvan Dövlət Universitetinin Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi və Naxçıvan Dövlət Texniki Kollecinin Yol hərəkətinin təşkili ixtisası üzrə təhsil alan tələbələrlə birgə yaradılan “Nəqliyyat könüllüləri” qrupu avtonəqliyyat xidməti sahəsində könüllülərin yetişdirilməsi ilə yanaşı, gələcəkdə onların Dövlət Nəqliyyat Xidmətində və aid təşkilatlarda müvafiq işlə təmin olunmasına şərait yaradılacağı da qeyd edilib.
Tələbələr slayd vasitəsi ilə startap layihələri, startap layihələrinin uğurlu biznesə çevrilməsi yollarıyla tanış olublar. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Səadət Əliyeva