Dövlət qulluğuna qəbul üzrə test imtahanına qeydiyyat başlanıb

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sentyabrın 24-də dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qrupları, həmçinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qrupları üzrə test imtahanları keçiriləcək.

DİM-dən NUHÇIXAN-a bildirilib ki, imtahanlar elektron formada, kompüter vasitəsilə Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq. BA və BB qrupları üzrə imtahan saat 10:00-da, AB və AC qrupları üzrə imtahan isə saat 16:00-da başlayacaq. İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı avqustun 20-si saat 14:00-dan sentyabrın 9-u saat 18:00-dək aparılacaq.

Namizədlər imtahanda iştirak etmək üçün DİM-in internet portalında “Şəxsi kabinet” yaratmalı və hesablarına müvafiq məbləğdə vəsait daxil etməlidirlər. Şəxsi kabineti olmayan namizədlər qeydiyyatdan əvvəl kabinet yaratmalıdırlar. Şəxsi kabinet yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra namizədlər DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidmətindən istifadə etməklə qeydiyyatdan keçə bilərlər.

İmtahanda iştirak üçün ödəniş tarifləri və ödəniş üsulları ilə DİM-in internet saytı vasitəsilə tanış olmaq mümkündür. Qeydiyyatdan keçən, lakin imtahanda iştirak etməyən namizədlərin ödədikləri məbləğ geri qaytarılmır.

Qeyd edək ki, imtahanlar dövlət qulluğu vəzifələrinin A növünə aid AB və AC, B növünə aid BA və BB qruplarına uyğun vəzifələr üzrə keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: