Naxçıvana uzanan diqqət və qayğının 17-ci ünvanı: Elmə, təhsilə və gələcəyə verilən dəyər

A- A A+

Bəzən bir səfər sadəcə ziyarət deyil, gələcəyə hesablanmış baxışın, dövlət siyasətinin və diqqətin ifadəsinə çevrilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvana 17-ci səfəri də bu baxımdan mühüm hadisə kimi yadda qaldı. Səfər bir daha göstərdi ki, Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, dövlət siyasətində xüsusi əhəmiyyət daşıyan qədim Azərbaycan diyarıdır.

Prezident İlham Əliyevin Naxçıvana səfərləri artıq ardıcıl və məqsədyönlü inkişaf siyasətinin mühüm göstəricilərindən birinə çevrilib. Hər səfər Naxçıvanın sosial-iqtisadi inkişafı, infrastrukturunun yenilənməsi, insanların rifahının yüksəldilməsi və yeni layihələrin həyata keçirilməsi baxımından mühüm mərhələ kimi qiymətləndirilir. Əvvəlki səfərlərdə olduğu kimi, bu dəfə də elm və təhsil, sosial infrastruktur və insan kapitalının inkişafı diqqət mərkəzində oldu.

Naxçıvan tarix boyu yalnız qədimliyi və strateji mövqeyi ilə deyil, həm də zəngin ziyalı mühiti, elm və təhsil ənənələri ilə seçilib. Bu ənənələrin qorunması və müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Ulu Öndər Heydər Əliyevin elmə, təhsilə və savadlı nəslin yetişdirilməsinə verdiyi böyük önəm bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Heydər Əliyev siyasi məktəbinin əsas prinsiplərindən biri ölkənin gələcəyinin savadlı, dünyagörüşlü və peşəkar gənclərdən asılı olmasıdır. Bu yanaşma bu gün də dövlətin təhsil siyasətində öz aydın ifadəsini tapır. Xüsusilə regionlarda müasir təhsil mühitinin yaradılması, gənclərin keyfiyyətli təhsil alması və onların sosial şəraitinin yaxşılaşdırılması insan kapitalının inkişafına yönəlmiş mühüm addımlardır.

Naxçıvan Dövlət Universitetinin inkişafı da bu siyasətin real nəticələrindən biri kimi diqqət çəkir. Universitetin maddi-texniki bazasının gücləndirilməsi, müasir tədris imkanlarının yaradılması, beynəlxalq əlaqələrin genişləndirilməsi və yeni təhsil mühitinin formalaşdırılması ali təhsil müəssisəsinin inkişafına mühüm təkan verir. NDU-nun əldə etdiyi nəticələrdə dövlət dəstəyi ilə yanaşı, universitet kollektivinin əzmkarlığı və elmi-pedaqoji potensialı da mühüm rol oynayır.

Prezident İlham Əliyevin Naxçıvana son səfəri çərçivəsində 1000 nəfərlik tələbə yataqxanasının tikintisi ilə bağlı verilən qərar isə xüsusi əhəmiyyət daşıyır. Bu, yalnız yeni bir binanın inşası deyil, tələbəyə, gəncə, elmə və təhsilə verilən dəyərin konkret ifadəsidir.

Müasir universitet yalnız auditoriya və laboratoriyalardan ibarət deyil. Universitet həm də tələbənin yaşadığı, sosiallaşdığı, dünyagörüşünü formalaşdırdığı və gələcəyə hazırlaşdığı mühitdir. Bu baxımdan 1000 nəfərlik yeni tələbə yataqxanasının inşası Naxçıvan Dövlət Universitetində təhsil alan gənclərin sosial şəraitinin yaxşılaşdırılması, regionlardan gələn tələbələrin yaşayış imkanlarının genişləndirilməsi və universitet həyatının daha da canlandırılması baxımından mühüm addımdır.

Bu təşəbbüs eyni zamanda mühüm bir mesaj verir: Azərbaycan dövləti gənclərin təhsilinə, elmə yiyələnməsinə və ölkənin gələcək inkişafında fəal iştirakına böyük əhəmiyyət verir. Çünki dayanıqlı inkişafın əsas şərtlərindən biri savadlı, hazırlıqlı və rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasıdır.

Naxçıvana göstərilən diqqəti yalnız tikilən binalar, yenilənən yollar və istifadəyə verilən obyektlərlə ölçmək olmaz. Bu diqqətin əsas mahiyyəti insan amilində, gənclər üçün yaradılan imkanlarda, elm və təhsilin inkişafına verilən dəyərdə özünü göstərir.

Naxçıvan Dövlət Universitetinin əməkdaşı olaraq bu qayğını universitet həyatında daha yaxından hiss etmək mümkündür. Universitetin qazandığı hər bir uğurun arxasında yaradılan imkanlar, dövlət dəstəyi və elmə verilən yüksək qiymət dayanır. Bu gün NDU-da çalışan hər bir əməkdaş və burada təhsil alan hər bir tələbə həmin siyasətin nəticələrini öz fəaliyyətində və təhsil həyatında görür.

Prezident İlham Əliyevin Naxçıvana 17-ci səfəri bir daha göstərdi ki, qədim diyarın inkişafı, insan kapitalının gücləndirilməsi və xüsusilə gənc nəslin hərtərəfli yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Bu səfər yaddaşlarda yalnız həyata keçirilən layihələrlə deyil, yaratdığı gələcəyə inam hissi ilə də qalacaq. Çünki Naxçıvana göstərilən diqqətin ən böyük nəticəsi yalnız bu gün qurulanlar deyil, sabah üçün yetişdirilən insanlardır. Naxçıvan Dövlət Universiteti isə həmin gələcəyin formalaşdığı, elmə, təhsilə və gənclərə verilən dəyərin özünü göstərdiyi mühüm ünvanlardan biridir.

 

AYSEL EMİNOVA

Naxçıvan Dövlət Universitetinin əməkdaşı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: