2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbulun I mərhələsinin nəticələrindən sonra boş qalan plan yerlərinin sayı açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) NUHÇIXAN-a bildirilib ki, I ixtisas qrupu üzrə 667, II ixtisas qrupu üzrə 395, III ixtisas qrupu üzrə 25, IV ixtisas qrupu üzrə 407, V ixtisas qrupu üzrə isə 288 plan yeri boş qalıb. I ixtisas qrupu üzrə boş qalan yerlərdən 639-u RK, 28-i isə Rİ altqrupunun payına düşür.
Boş qalan plan yerlərinin müsabiqəsində ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
RK altqrupu üzrə müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 12, Rİ altqrupu üzrə isə 416 nəfərdir.
Ümumi balı 150-dən, imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 447 abituriyent RK altqrupu üzrə boş qalan plan yerlərinin müsabiqəsində iştirak edə bilər. Rİ altqrupu üzrə isə bu tələblərə cavab verən abituriyentlərin seçə biləcəyi ixtisaslar üzrə boş plan yeri qalmayıb.
II ixtisas qrupu üzrə 395 plan yeri boş qalıb. Bu yerlərin müsabiqəsində ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. Bu şərtləri ödəyərək müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyənlərin sayı 29 nəfərdir.
Ümumi balı 150-dən, imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 51 abituriyent II ixtisas qrupu üzrə boş qalan plan yerlərinin müsabiqəsində iştirak edə bilər.
III ixtisas qrupu üzrə 25 plan yeri boş qalıb. Boş yerlərin hamısı DT altqrupuna aiddir. Bu qrup üzrə müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 3379 nəfərdir.
Həmin abituriyentlərin faktiki olaraq seçə biləcəyi yalnız bir ixtisas – Kitabxanaçılıq və informasiya (tədris ingilis dilində) ixtisasıdır. Bu ixtisas üzrə 5 plan yeri boş qalıb. Ümumi balı 150-dən, imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin seçə biləcəyi digər ixtisaslar üzrə isə boş plan yerləri qalmayıb.
IV ixtisas qrupu üzrə 407 plan yeri boş qalıb. Bu qrup üzrə müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 138 nəfərdir.
Ümumi balı 150-dən, imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 161 abituriyent IV ixtisas qrupu üzrə boş qalan plan yerlərinin müsabiqəsində iştirak edə bilər. Onlar yalnız Bağçılıq və tərəvəzçilik (tədris ingilis dilində), Su bioehtiyatları və akvakultura ixtisaslarını seçə bilərlər.
V ixtisas qrupu üzrə 288 plan yeri boş qalıb.
DİM-dən bir daha abituriyentlərin diqqətinə çatdırılıb ki, V ixtisas qrupu üzrə boş qalan plan yerlərinin seçimində xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müvafiq komissiyaların müəyyən etdiyi müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər.
