Muxtar respublikanın bütün təhsil müəssisələrində bir dərs saatı ümummilli lider Heydər Əliyevə həsr olunub
Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda interaktiv dərs keçilib.
Dərsdə muzeyin direktoru Ramil Orucəliyev ulu öndər Heydər Əliyevin bütün həyat və fəaliyyəti ilə bağlı geniş məlumat verib.
Bildirib ki, görkəmli dövlət xadiminin Azərbaycanda ilk dəfə hakimiyyətdə olduğu 1969-1982-ci illər tariximizə siyasi, iqtisadi, mədəni və mənəvi yüksəliş dövrü kimi daxil olub, 1990-cı ildən sonrakı mərhələsi şərəfli xilaskarlıq və quruculuq missiyası ilə zənginləşib. Xalqımızın böyük oğlunun 1990-cı il iyul ayının 22-də Naxçıvana qayıdışı Azərbaycanın qurtuluş tarixinin parlaq səhifəsini təşkil edib. Bu böyük şəxsiyyətin Azərbaycan və Naxçıvan parlamentlərinin deputatı, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsi və milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması ilə nəticələnib.
Dünya dövlətləri sırasında layiqli yerini tutan Azərbaycanın ulu öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini hazırda ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir. Muxtar respublikamızda bu gün özünün sürətli inkişaf dövrünü yaşayır.
Dərsi izləyənlər Heydər Əliyev Muzeyindəki eksponatlarla virtual şəkildə tanış olublar. Muzey haqqında şagirdlərə ətraflı məlumat verilib.
Qeyd edək ki, bu gün bütün təhsil müəssisələrində bir dərs saatı ümummilli lider Heydər Əliyevə həsr olunub.