Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 12-də 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.
NUHÇIXAN xəbər verir ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 59 binada aparılır. İmtahanların idarə olunmasına 235 imtahan rəhbəri və 2562 nəzarətçi-müəllim cəlb olunub. Saat 11:00-da başlanan imtahan 3 saat davam edəcək.
İmtahanda 32 min 173 abituriyent iştirak edir. Onlardan 27 min 225 abituriyent I qrup üzrə, 4948 abituriyent IV qrup üzrə imtahan verir.
Abituriyentlərdən 29 min 348-i Azərbaycan bölməsinin (I qrup üzrə 24949, IV qrup üzrə 4399 nəfər), 2825-i isə rus bölməsinin (I qrup üzrə 2276, IV qrup üzrə 549 nəfər) məzunudur. Abituriyentlərin 19 min 438-i oğlan (I qrup üzrə 18065 nəfər, IV qrup üzrə 1373 nəfər), 12 min 735-i isə qızdır (I qrup üzrə 9160 nəfər, IV qrup üzrə 3575 nəfər). 28 min 288 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 3320 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 48 nəfər ali təhsil müəssisələrinin, 517 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 164 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1966-cı ildən, ən gənci isə 2004-cü ildəndir.
Bakı şəhərində 14195, Naxçıvanda 721, Gəncədə 3557, Sumqayıtda 2080, Mingəçevirdə 1603, Şəkidə 2177, Bərdədə 1167, Göyçayda 1534, Şirvanda 1655, Lənkəranda 1989, Xaçmazda isə 1495 abituriyent imtahan verir.
Qeyd edək ki, imtahanda abituriyentlərə bilik və bacarıqlarını yoxlamaq məqsədilə I qrupda riyaziyyat, fizika və kimya fənləri, IV qrupda isə biologiya, kimya və fizika fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilir.
Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 5-i cavabların kodlaşdırılması tələb olunan hesablama, seçim və ya uyğunluğu müəyyən etmək tipli tapşırıqlardır. Digər açıq tipli 3 tapşırıq isə yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Açıq tipli tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Bu imtahanda (qəbul imtahanının ikinci mərhələsi) abituriyentlərin toplaya biləcəyi maksimal ümumi bal 400-dür. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: