Məleykə Abbaszadə: Zəif nəticələrin kökünü ibtidai sinifdə axtarmalıyıq

A- A A+

İbtidai sinifdə yaranan zəif nəticələrin vaxtında müəyyənləşdirilməsi və problemin kökünə gedilməsi vacibdir. Çünki bu problemlər sonrakı təhsil mərhələlərində də özünü göstərə bilər.

NUHÇIXAN xəbər verir ki, bu sözləri təhsil işçilərinin sentyabr konfransında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, zəif nəticə göstərən şagirdləri tanımaq, onların problemini müəyyənləşdirmək və fərdi yanaşma əsasında dəstəkləmək lazımdır. Bu istiqamətdə müəllimlərin sinifdə hansı uşaqların daha çox dəstəyə ehtiyacı olduğunu bilməsi mühüm əhəmiyyət daşıyır.

Məleykə Abbaszadə qeyd edib ki, şagirdlərdə məsuliyyət hissinin formalaşdırılması üçün müxtəlif yanaşmalardan istifadə etmək mümkündür. Ailə daxilində böyük uşaqların kiçik bacı və qardaşlarına dəstək göstərməsi, siniflər arasında sağlam rəqabətin yaradılması kimi üsullar zəif nəticə göstərən şagirdlərin dəstəklənməsinə kömək edə bilər.

DİM sədri vurğulayıb ki, vaxtilə 9-cu sinif buraxılış imtahanlarında oxumağı və yazmağı bacarmayan şagirdlərlə bağlı faktlar müəyyənləşdirilib və bu barədə aidiyyəti üzrə məlumatlar təqdim olunub. Hazırda isə problemin daha erkən mərhələdə müəyyənləşdirilməsi üçün 4-cü sinifdən başlayaraq qiymətləndirmələrin aparılması xüsusi əhəmiyyət daşıyır.

O bildirib ki, zəif nəticə göstərə biləcək şagirdləri psixometrik qiymətləndirmələr vasitəsilə əvvəlcədən müəyyənləşdirmək və müəyyən qədər proqnoz vermək mümkündür. Son 10–13 il ərzində həyata keçirilən institusional dəyişikliklərin nəticələrinin də gələcəkdə daha aydın görünəcəyi gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: