Azərbaycan yeni tədris ilinə yeni ümid və gözləntilərlə qədəm qoyur. Lakin təhsil elə bir sahədir ki, burada bir-iki il ərzində böyük dəyişikliklər gözləmək doğru olmaz.
NUHÇIXAN xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib. Nazir bildirib ki, təhsil sistemində əsas məqsədlərlə istifadə olunan alətləri bir-birindən ayırmaq və onlar arasında düzgün əlaqə qurmaq vacibdir. Müxtəlif alətlərdən istifadə olunsa da, əsas məqsəd unudularsa, görülən işlərin nəticəsi məhdud qala bilər.
“Əgər söhbət ümumi təhsildən gedirsə, yəqin ki, biz növbəti nəslin, yəni uşaqların öyrənməsindən danışırıq. Əgər uşaqlar öyrənirsə, təlim nəticələri varsa, deməli, təhsil yaxşıdır”, - deyə Emin Əmrullayev vurğulayıb. O qeyd edib ki, yaxşı dərsliklərin olması, imtahan suallarında səhvlərin olmaması, məktəblərdə müxtəlif tədbirlərin keçirilməsi və məktəb binalarının müasir şəkildə dizayn edilməsi mühüm olsa da, bunların əsas məqsədi şagirdlərin öyrənməsinə xidmət etməkdir. Təlim nəticələri aşağıdırsa, bu alətlərin təkbaşına böyük əhəmiyyəti yoxdur.
Emin Əmrullayev bildirib ki, yüksək təlim nəticələri öz-özünə formalaşmır və bu nəticələr müxtəlif alətlərin necə və hansı şəkildə tətbiq edilməsindən asılıdır. Eyni zamanda, digər ölkələrin uğurlu təhsil təcrübələrinin Azərbaycanda eyni nəticəni verəcəyini düşünmək düzgün deyil. Çünki hər bir ölkənin və cəmiyyətin özünəməxsus xüsusiyyətləri var.
Nazir qeyd edib ki, əvvəllər təhsil sistemində qərarların qəbulunda əsasən buraxılış və qəbul imtahanlarının nəticələrinə istinad edilirdisə, hazırda daha geniş məlumat bazası formalaşıb. Bu məlumatlar müxtəlif yanaşmaların təlim nəticələrinə təsirini daha ətraflı təhlil etməyə imkan verir.
“Təhsil sahəsində hər bir təşəbbüsün arxasında təhlil dayanmalıdır. Bu təhlillərdə alternativ araşdırmaların və fərqli yanaşmaların təqdim edilməsi təhsil sistemi üzrə daha maraqlı və səmərəli müzakirələrin aparılmasına, nəticədə isə inkişafın sürətlənməsinə imkan verə bilər”, - deyə nazir bildirib.
