Təhsil sistemində nəticələrin yüksəldilməsi üçün ən zəif şagirdlərə fokuslanmaq və onların nəticələrinin yaxşılaşdırılmasına çalışmaq daha səmərəli yanaşmadır.
NUHÇIXAN xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.
Nazir bildirib ki, məktəblərə şagirdlərin öyrənmə səviyyələri barədə fərdi məlumatlar təqdim olunur. Məktəb rəhbərləri 4-cü sinfi başa vuran şagirdlərdən hansının birinci, ikinci, üçüncü və dördüncü səviyyədə olduğunu, eləcə də minimum səviyyəyə çatmayan şagirdləri müəyyən edə bilirlər.
Emin Əmrullayev qeyd edib ki, məktəblər bu məlumatlar əsasında öz strategiyalarını müəyyənləşdirə bilər. Əsas məqsəd birinci səviyyədə olan şagirdi ikinciyə, ikinci səviyyədə olanı isə üçüncü səviyyəyə yüksəltməkdir. Bütün şagirdləri eyni vaxtda ən yüksək səviyyəyə çatdırmağa çalışmaq düzgün yanaşma deyil.
Nazir vurğulayıb ki, məktəbin orta göstəricisinin yüksəldilməsi zəif nəticə göstərən şagirdlərin məktəbdən uzaqlaşdırılması hesabına deyil, onların nəticələrinin yaxşılaşdırılması hesabına həyata keçirilməlidir.
“Ən zəif kimdirsə, ona fokuslanmaq lazımdır. Sizin məktəbin ən zəif şagirdləri kimlərdirsə, onlarla işləsəniz, məktəbinizin orta nəticəsi daha tez artacaq. Yaxşı nəticə göstərənləri daha da yaxşılaşdırmaq isə həmişə daha çətindir”, – deyə nazir bildirib.
Emin Əmrullayev 2014-2015-ci illərdə bəzi məktəblərdə 9-cu sinif nəticələrinin sürətlə yaxşılaşmasının səbəblərindən birinin zəif şagirdlərin 8-ci sinifdən məktəbdən çıxarılması olduğunu diqqətə çatdırıb. O, belə yanaşmanın real nəticə artımı olmadığını bildirib. Nazir qeyd edib ki, zəif şagirdlərin məktəbdən uzaqlaşdırılması problemi həll etmir, çünki həmin şagirdlər təhsil sisteminin başqa bir pilləsində və ya məktəbində təhsillərini davam etdirirlər. Buna görə də əsas hədəf onların sistem daxilində irəliləməsinə nail olmaqdır.
Elm və təhsil naziri, həmçinin məktəb rəhbərlərinin hazırlanması məsələsinə toxunaraq bildirib ki, metodistlərin tədris işləri üzrə direktor müavini kimi fəaliyyət göstərməsi onların təşkilatçılıq bacarıqlarının inkişafına və gələcəkdə məktəb direktoru kimi daha səmərəli fəaliyyət göstərməsinə imkan verə bilər.
