AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun “Naxçıvanın qədim əkinçilik mədəniyyəti (e.ə. VI-I minilliklər)” monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.
İnstitutdan NUHÇIXAN-a bildiriblər ki, əsər arxeoloji tədqiqatlar əsasında Naxçıvanın qədim əkinçilik mədəniyyətinə dair ilk ümumiləşdirici tədqiqat işidir. Burada ilk dəfə olaraq Naxçıvanın qədim əkinçi tayfalarının istifadə etdikləri əmək alətləri daşıdığı funksiyasına, növlərinə, quruluşuna görə tipoloji qruplara və yarımqruplara bölünüb, onların xronoloji ardıcıllıqla təkmilləşməsi prosesi izlənilib.
Monoqrafiya dörd fəsildən ibarətdir. İlk fəsil Naxçıvan ərazisində qədim əkinçilik mədəniyyəti abidələrinin öyrənilməsi tarixinə və bölgənin təbii-coğrafi şəraitinə həsr olunub. Əsərin ikinci fəsli son neolit - son xalkolit dövründən ilk dəmir dövrünədək Naxçıvanın qədim əkinçi tayfalarının yaşayış yerləri barədədir. Üçüncü fəsildə göstərilən tarixi dövrdə bölgənin əkinçi mədəniyyətinin xüsusiyyətləri işıqlandırılıb, dördüncü fəsildə isə Naxçıvanın qədim əkinçi tayfalarının iqtisadi-mədəni əlaqələri son tədqiqatlar kontekstində təhlil edilib.
Əsərə abidələrin, onlardan əldə edilən əkinçilik əmək alətlərinin xronoloji ardıcıllıqlarının tiplərini, növlərini göstərən cədvəllər və tədqiq olunan arxeoloji materialların təsvirindən ibarət tablolar əlavə edilib.
Nəşrin elmi redaktoru AMEA-nın müxbir üzvü Vəli Əliyev, elmi rəyçiləri tarix üzrə elmlər doktoru, professor Qüdrət İsmayılzadə və tarix üzrə fəlsəfə doktoru Səfər Aşurovdur.
Monoqrafiya arxeologiya və tarix sahələri üzrə mütəxəssislər, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulur.