Laçında yeni tədris ilinə start verilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, sentyabrın 15-də Laçın rayonunda 2026–2027-ci tədris ilinin ilk dərs günü münasibətilə tədbirlər keçirilib.
Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib ki, tədbirlərdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Laçın rayonu üzrə təhsil sektorunun əməkdaşları, məktəblərin pedaqoji kollektivləri, şagirdlər və valideynlər iştirak ediblər.
Tədbirlərdə çıxış edənlər müəllim və şagirdləri yeni tədris ili münasibətilə təbrik edib, onlara təhsildə uğurlar, yeni nailiyyətlər və qarşıdakı tədris ilində müvəffəqiyyətlər arzulayıblar.
Qeyd edək ki, hazırda Laçın rayonunda 3 ümumtəhsil tam orta məktəb fəaliyyət göstərir.
Laçın şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbində 183 şagird təhsil alır. 2026–2027-ci tədris ilində 15 şagird I sinfə başlayıb.
Laçın rayon Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbində 112 şagird təhsil alır. Yeni tədris ilində 17 şagird I sinfə başlayıb.
Laçın rayon Sus kənd tam orta məktəbində isə 112 şagird təhsil alır və bu il 18 şagird I sinfə qədəm qoyub.
Qeyd edək ki, 15 sentyabr Laçın şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbi üçün ikiqat əlamətdar tarixdir. Belə ki, 1976-cı ildə fəaliyyətə başlayan məktəb yeni tədris ilini 50 illik yubileyi ilə qarşılayır. Yarım əsrlik fəaliyyət dövründə məktəb Laçının təhsil tarixində özünəməxsus iz qoyub.