Tibb sahəsinə aid dəyərli elmi nəşrlər - YENİLƏNİB - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Xəstəxanasında “Anatomiya, fiziologiya və patologiyanın əsasları” , “Farmakoqnoziya botanikanın əsasları ilə” və “Latın dili” dərs vəsaitlərinin təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvi Saleh Məhərrəmov açaraq müstəqillik illərində Naxçıvanda səhiyyənin inkişafı istiqamətində, tibbi kadrların hazırlanması sahəsində görülən işlərdən bəhs edib, bu sahədə yazılan kitabların əhəmiyyətindən danışıb.
Bildirilib ki, son illərdə təhsil sistemində həyata keçirilən islahatlar müasir təhsil sisteminə cavab verən dərsliklərin və metodiki vəsaitlərinin təminatı zərurətini meydana çıxarıb. Bu baxımdan tibb sahəsi üzrə müasir tələblərə cavab verən elmi ədəbiyyatların hazırlanması qarşıya qoyulan ən mühüm vəzifələrdən biridir. Bu gün təqdimatı keçirilən kitablarla əyani tanış olduqdan sonra əminliklə demək olar ki, həmin vəsaitlər tibbin inkişafına, bu sahə üzrə kadr hazırlığı işinə öz töhfəsini verəcəkdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək bildirib ki, Ali Məclisin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı sayəsində muxtar respublikada bütün sahələrdə olduğu kimi elmin inkişafı sahəsində də mühüm işlər görülür, elm və təhsil müəssisələrinin maddi-texniki bazası inkişaf etdirilir, elektron kitabxanalar qurulur, elmi mühit formalaşdırılır. Naxçıvanın tarixi, arxeologiya və etnoqrafiyası, ədəbi mühiti və mədəniyyəti, təbii sərvətləri və biomühiti ciddi tədqiqat obyektinə çevrilir. Aparılan elmi araşdırmaların ən son nailiyyətlərini əks etdirən kitab və monoqrafiyaların, ensiklopediyaların, elmi jurnalların nəşrinə diqqətin artırılması muxtar respublika rəhbərinin elmin inkişafına, ziyalılığa verdiyi dəyərin ifadəsidir. Bununla yanaşı bu nəşrlərin ictimaiyyətə təqdimatı, oxucu görüşlərinin, kitab müzakirələrinin keçirilməsi muxtar respublikada kitab mədəniyyətinin formalaşması istiqamətində atılan addımlardandır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında təqdimatı keçirilən kitablar nəfis tərtibatı və elmi dəyəri ilə seçilir. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində 500 tirajla nəşr olunan bu vəsaitlərin demək olar ki, biri digərini tamamlayır. Belə ki, “Anatomiya, fiziologiya və patologiyanın əsasları” adlı dərs vəsaitində orqanizmin quruluşu, inkişafı və formasından bəhs etməklə, ayrı-ayrı orqanların funksiyası və patologiyası zamanı orqanizmdə baş verən dəyişikliklər, maddələr mübadiləsi, enerji çevrilmələri prosesləri, həyat üçün vacib olan vitaminlər və onların əhəmiyyəti, həmçinin bioloji aktiv maddələrin mübadilə pozğunluqlarında törənən patoloji təzahürlər haqqında məlumat verilir. Nəşr olunan vəsait anatomiya, fiziologiya və patologiyadan bəhs edən latın qrafikası ilə yazılan ilk əsərdir. Kitabın sonunda istifadə olunan latın terminlərinin lüğətinin verilməsini onun elmi dəyərini artıran göstəricilərdən saymaq olar. Dərs vəsaiti tibb kollecinin uyğun ixtisasları və ali məktəblərin tibb fakültəsinin tədris proqramlarına uyğun metodik göstərişlər əsasında yazılıb.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının biomüxtəlifliyi müstəqillik illərinə qədər sistemli tədqiq olunmayıb. Dərman bitkilərinin öyrənilməsi və istifadəsi aparılan tədqiqatlar içərisində öz aktuallığı ilə seçilir. Son illərdə bu sahədə aparılan tədqiqatlar artırılıb, onlardan səmərəli istifadə yolları müəyyən olunub. Tədqiqatlar nəticəsində muxtar respublikada 800 növə yaxın dərman bitkisi müəyyənləşdirilib. “Farmakoqnoziya botanikanın əsasları ilə” kitabı da bu istiqamətdə aparılan tədqiqatların davamı kimi diqqətəlayiqdir. Kitabda dərman bitkilərinin xarakteristikası, ekoloji şəraiti, yayılması, toplanılması, qurudulması, saxlanılması, kimyəvi və farmakoloji tərkibi ilə bağlı geniş məlumatlar təqdim olunub, dərman bitkilərinin xüsusiyyətləri ilə yanaşı, onlardan istifadə və qəbul qaydaları müəyyənləşdirilib.
Bildirilib ki, “Latın dili” adlı dərs vəsaiti ixtisas dilinin mənimsənilməsinə xidmət edən ilkin tədris vəsaiti kimi qiymətlidir. Bu vəsait həkimin, tibb işçisinin və bioloqun latınca istilahlara və öz ixtisasları üzrə dil mədəniyyətinə yiyələnməklərinə mühüm təsir göstərir. Dərs vəsaitində latın dilinin qrammatikasının və fonetikasının əsasları, termin düzəltmənin ümumi prinsipləri, üzvi aləmin sistematikası və nomenklaturası üzrə məlumatlar, həmçinin tibbi, bioloji və farmakoloji terminlərin quruluşunun izahlı nümunələri verilib.
Diqqətə çatdırılıb ki, “Farmakoqnoziya botanikanın əsasları ilə” kitabının elmi dəyəri nəzərə alınaraq elektron variantı hazırlanıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin, Gənclər Fondunun, AMEA Naxçıvan Bölməsinin, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının və Naxçıvan Dövlət Universitetinin elektron kitabxanalarında yerləşdirilib. Bu isə muxtar respublikadan kənarda yaşayan oxucuların da kitabdan istifadəsini əlçatan edib.
Seyid Surə vurğulayıb ki, hər üç vəsait həkim hazırlığı işinə kompleks yanaşmanın elmi göstəricisidir. Bu vəsaitlər tibb təhsili alan tələbələr, müəllimlər, həkimlər, bioloqlar, təbiətşünaslar, xalq təbabəti ilə məşğul olan loğmanlar, tibb kolleclərində təhsil alan tələbələr üçün əvəzolunmaz məxəz sayıla bilər.
Slaydların nümayiş olunduğu və vəsaitlərin sərgiləndiyi təqdimatda Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dekanı, tibb üzrə fəlsəfə doktoru Elsevər Əsədov və fakültənin dosenti, tibb elmləri doktoru İsa Abdullayev çıxış edərək kitabda yer alan materiallar barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Çıxışlarda fundamental elmi tibbi nəşrlərin ərsəyə gəlməsində müəlliflərin apardığı tədqiqatlardan bəhs olunub, əməkləri yüksək dəyərləndirilib.
Sonra kitabın müəlliflərindən tibb üzrə fəlsəfə doktoru İlhamə Mustafayeva və AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Ələkbərov çıxış edərək kitabların nəşri zərurətindən danışıb, tibbi kadrların hazırlanması sahəsində yaradılan imkanlara, dərs vəsaitlərinin işıq üzü görməsində göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinə minnətdarlıq ediblər.