Süni intellekt və təhsil yalnız texnologiya ilə bağlı deyil, eyni zamanda, uşaqların gələcəyi və onlara təqdim ediləcək təhsilin keyfiyyəti ilə əlaqəlidir. Texnologiya təhsili gücləndirə bilər, lakin müəllimləri və insan münasibətlərini əvəz edə bilməz.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a bildirilib ki, bunu spiker Sahibə Qafarova sentyabrın 21-də Parlamentlərarası İttifaqın Uşaq Hüquqları Komitəsi tərəfindən təşkil olunan “Uşaqların inklüziv və keyfiyyətli təhsil hüququnun təmin edilməsində süni intellektin imkanları və riskləri” mövzusuna həsr olunmuş onlayn brifinqdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, süni intellekt təlim prosesini hər bir uşağın ehtiyaclarına uyğunlaşdıra, əlilliyi olan uşaqların təhsil imkanlarını genişləndirə və uzaq icmalara keyfiyyətli təhsil resurslarının çatdırılmasına kömək edə bilər.
Milli Məclisin sədri vurğulayıb ki, süni intellektin yaratdığı imkanlar avtomatik olaraq hamı üçün əlçatan olmur. Ona çıxış imkanlarının ailənin gəlirindən və yaşayış yerindən asılı olması bərabərsizlikləri daha da dərinləşdirə bilər. Ona görə də, parlamentin sədri bu sahədə məxfilik, alqoritmik qərəz, zərərli məzmun və insan məsuliyyətinin qeyri-müəyyənliyi ilə bağlı risklərin də nəzərə alınmasının vacibliyini vurğulayıb.
S.Qafarova deyib ki, uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas istiqamətləndirici prinsipi olmalıdır.
Parlamentin sədri PAİ-nin parlamentlərə qanunvericilik təcrübəsi mübadiləsi aparmağa, praktiki tövsiyələr hazırlamağa, nəzarəti gücləndirməyə və təhsil işçiləri, texnologiya şirkətləri, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti və uşaqlarla dialoqun təşviqinə kömək edə biləcəyini söyləyib.
Həmçinin bildirib ki, süni intellekt artıq sinif otaqlarına daxil olur və əsas məsələ bu texnologiyadan istifadə edib-etməmək deyil, onun necə ədalətli və uşaqların maraqlarına uyğun şəkildə tətbiq olunmasıdır.
