Qafqaz Albaniyasının Azərbaycan ərazisindəki maddi-mədəni irsinin araşdırılması və abidələrin tarixi xüsusiyyətlərinin öyrənilməsi istiqamətində elmi tədqiqatlar davam etdirilir. Bu istiqamətdə aparılan arxeoloji və elmi tədqiqatlar həmin abidələrin tarixinin və mədəni irsinin müasir elmi yanaşmalar əsasında öyrənilməsinə imkan verir.
NUHÇIXAN xəbər verir ki, bu fikirləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Qafqaz Albaniyasının mədəni irsinə həsr olunan konfransda bildirib. Qarabağ və Şərqi Zəngəzurda yerləşən qədim Alban abidələri ilə bağlı son dövrlərdə müxtəlif iddialar səsləndirilir. İ.Həbibbəyli qeyd edib ki, AMEA-nın Tarix və Etnologiya İnstitutunda, eləcə də Arxeologiya və Antropologiya İnstitutunda Qafqaz Albaniyasının öyrənilməsi ilə məşğul olan elmi istiqamətlər və şöbələr fəaliyyət göstərir. Alban mədəniyyətinin müxtəlif aspektlərinin, o cümlədən dili və dini məsələlərinin elmi əsaslarla araşdırılması istiqamətində də tədbirlər keçirilir.
O, bir neçə gün əvvəl Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Multikulturalizm Mərkəzinin təşkilatçılığı və Tarix və Etnologiya İnstitutunun təşəbbüsü ilə Alban dilinin və Alban yazısının öyrənilməsi ilə bağlı elmi müzakirənin keçirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, Qafqaz Albaniyasının mədəniyyətinin köklərinin, yazılı irsinin, dini və tarixi xüsusiyyətlərinin öyrənilməsi istiqamətində yeni addımların atılması davam etdirilməlidir.
İ.Həbibbəyli, həmçinin Qarabağ və Şərqi Zəngəzurda Alban abidələrinin tədqiqinin Azərbaycan tarixinin elmi əsaslarla öyrənilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.
