Naxçıvanda I Beynəlxalq Tibb Günləri keçirilir - FOTOLAR
Naxçıvanda I Beynəlxalq Tibb Günləri keçirilir
NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərində “I Naxçıvan Beynəlxalq Tibb Günləri – 2026” keçirilir.
Beynəlxalq elmi-praktik tədbir Naxçıvan Dövlət Universiteti, Ankara Universiteti, Avrasiya Qastroenteroloji Cəmiyyəti və Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
Sentyabrın 26-na qədər davam edəcək tədbir çərçivəsində XXIII Avrasiya Qastroenteroloji Cəmiyyəti Konqresi, Cərrahi və Mama-Ginekoloji Problemlərə Multidissiplinar Yanaşmalar üzrə Beynəlxalq Konqres, həmçinin İltihabi Bağırsaq Xəstəlikləri və İntestinal Ultrasonoqrafiya üzrə Beynəlxalq Kurs keçiriləcək.
Proqramda master-klaslar, praktiki kurslar, canlı endoskopik və cərrahi nümayişlər, panel müzakirələri, simpoziumlar, elmi təqdimatlar və tələbə sessiyaları təşkil olunacaq.
Beynəlxalq Tibb Günlərində Avropa, Amerika və türkdilli ölkələrdən tanınmış alimlərin, həkimlərin və müxtəlif ixtisaslar üzrə mütəxəssislərin iştirakı nəzərdə tutulur. Elmi proqram çərçivəsində ümumi cərrahiyyə, onkologiya, anesteziologiya və reanimatologiya, uşaq cərrahiyyəsi, plastik və rekonstruktiv cərrahiyyə, mama-ginekologiya, radiologiya, infeksion xəstəliklər, hematologiya, patologiya və endoskopiya daxil olmaqla müxtəlif tibbi istiqamətlər üzrə aktual məsələlər müzakirə ediləcək.
Tədbirin əsas istiqamətlərindən biri də praktiki tibbi xidmətlərin təşkili olacaq. Belə ki, qastroenterologiya, onkologiya, urologiya, mama-ginekologiya, neonatologiya, pediatriya, oftalmologiya, reanimatologiya və ümumi cərrahiyyə sahələri üzrə tanınmış mütəxəssislər tərəfindən xəstələrin qəbulu və müayinəsi planlaşdırılır.
Ümumilikdə, 30-dan çox həkimin iştirakı ilə Naxçıvan MR Səhiyyə Nazirliyi ilə birgə Naxçıvan Sağlamlıq Mərkəzi, Perinatal Mərkəz, Ə.Əliyev adına Uşaq Xəstəxanası və Naxçıvan MR Mərkəzi Xəstəxanasında xəstələrin müayinələrinin keçirilməsi nəzərdə tutulur.
Tədbirdə xaricdən və Bakı şəhərindən 300-dən çox professor və yüksək ixtisaslı həkim iştirakı edir. “I Naxçıvan Beynəlxalq Tibb Günləri – 2026”nın ümumilikdə 2000-dən çox tibb personalı, rezident və tələbəni əhatə edir.