Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi davam edir.
Dövlət İmtahan Mərkəzindən (DİM) NUHÇIXAN-a bildirilib ki, ixtisas seçimi sentyabrın 27-si saat 23:59-dək aparılacaq. Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ümumi balı 50-dən, tədris dili (Azərbaycan dili və ya rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan abituriyentlər ixtisas seçiminə buraxılırlar. Xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində isə ümumi balı 40-dan az olmayan və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanından “məqbul” alan abituriyentlər iştirak edə bilərlər. Bu ixtisaslar üzrə fənlərə dair bal məhdudiyyəti tətbiq edilmir.
İxtisas seçimi internet vasitəsilə aparılır. Abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçərək onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiqləməlidirlər.
Sentyabrın 25-i saat 10:50-ə olan məlumata əsasən, boş qalan plan yerlərinə qəbul üçün 1373 elektron ərizə təsdiqlənib. Onlardan 1234-ü Azərbaycan bölməsi, 139-u isə rus bölməsi üzrədir.
Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunub. Jurnalı DİM-in əsas inzibati binasından, “Abituriyent” satış məntəqəsindən, həmçinin kitab mağazalarından almaq, “Abituriyent”in internet saytı və Wolt tətbiqi vasitəsilə sifariş etmək mümkündür.
Jurnalın elektron versiyası da “Abituriyent” saytında təqdim olunur.
