NDU-da Anım Günü: Şəhidlərin xatirəsi yad edilib, sərgilər təşkil olunub - FOTOLAR
Naxçıvan Dövlət Universitetində (NDU) 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a bildirilib ki, tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə NDU-nun rektoru Elbrus İsayev 27 Sentyabr – Anım Gününün Azərbaycanın müasir tarixində xüsusi əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, Vətən müharibəsində qazanılan Qələbə dövlətimizin hərbi qüdrətinin, xalqımızın həmrəyliyinin və milli iradəsinin nəticəsidir.
Rektor diqqətə çatdırıb ki, 2023-cü il 19 sentyabrda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Azərbaycanın dövlət suverenliyi tam təmin olunub. Bu hadisə ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində mühüm mərhələ kimi tarixə düşüb. Elbrus İsayev şəhidlərin əziz xatirəsinin daim ehtiramla yad edilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, Anım Günü gənc nəslin Vətənə bağlılıq, milli-mənəvi dəyərlərə sədaqət və dövlətçilik ruhunda formalaşmasında mühüm rol oynayır.
NDU-nun professoru, Əməkdar müəllim Məmməd Rzayev çıxışında 44 günlük Vətən müharibəsinin Azərbaycanın müasir tarixindəki rolundan bəhs edib. Professor əldə olunan Qələbənin dövlətimizin ərazi bütövlüyünün bərpası baxımından tarixi hadisə olduğunu bildirib, Zəfərə aparan yolun əsas mərhələlərinə diqqət çəkib.
Universitetin II kurs magistrantı Yağmur Mahmudova çıxışında şəhidlərin həyat və mübarizə yolunun gənclər üçün örnək olduğunu bildirib. O, Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin yaşadılmasının hər bir gəncin mənəvi borcu olduğunu qeyd edib, tələbələri milli dəyərlərə və dövlətçilik prinsiplərinə bağlı olmağa çağırıb.
Tədbirin sonunda “Qəhrəmanlıq salnaməsi” adlı videoçarx nümayiş etdirilib.
Sonra NDU-nun Elmi Kitabxanasında 27 Sentyabr – Anım Günü ilə əlaqədar “Şanlı Zəfər tariximiz” adlı kitab sərgisinə baxış keçirilib. Sərgidə 44 günlük Vətən müharibəsinin tarixini, qəhrəmanlarımızın həyat və döyüş yolunu əks etdirən kitab və jurnallar nümayiş etdirilib. Həmçinin tədbir iştirakçıları İncəsənət fakültəsinin müəllim və tələbələrinin Anım Gününə həsr olunmuş rəsm sərgisinə də baxış keçiriblər. Sərgidə təsviri incəsənət müəllimliyi, rəngkarlıq və dizayn ixtisasları üzrə tələbələrin 35 rəngkarlıq və kompozisiya işi nümayiş etdirilib. Əsərlərdə Vətən sevgisi, şəhidlərin əziz xatirəsi, qəhrəmanlıq və milli birlik mövzuları əks olunub.