NUHÇIXAN-ın məlumatına görə, ABŞ-da yaşayan Azərbaycan əsilli elmi tədqiqatçıların və alimlərin şəbəkəsinin formalaşdırılması və ölkəmizlə bağlı geniş spektrli elmi tədqiqatların aparılmasının stimullaşdırılması məqsədi daşıyan Azərbaycan Akademiklər Şəbəkəsi (ANA) ilk elmi simpoziumunu cari il iyunun 17-18-də keçirəcək. Corc Vaşinqton Universitetində təşkil olunacaq və elmin müxtəlif sahələrini əhatə edəcək simpoziumda ABŞ-da ölkəmizlə bağlı tədqiqatlar aparan Azərbaycan əsilli, habelə respublikamızdan olan tədqiqatçılar bir araya gələrək elmi müzakirələr aparacaqlar.
Simpoziumda Şimali Amerika-Azərbaycan akademik, humanitar və biznes tərəfdaşlığı, Şimali Amerikada Azərbaycan icmasının inkişafı, Azərbaycanın milli təhlükəsizliyi və iqtisadi rifahı, dünya azərbaycanlılarının problemlərinin tədqiqi geniş müzakirə olunacaq. Tədbirin əsas mövzularından biri tədqiqatların aparılmasına və layihələrin reallaşdırılmasına Azərbaycanda təhsil alan doktorant tələbələrin fəal cəlb edilməsi ilə onların Amerikada təhsil alan doktorantlarla birlikdə elmi müzakirələr aparmaları, müasir tələblərə cavab verən praktiki modullar təqdim etmələri və uğurlu təcrübələrin yerli şəraitdə icrası üçün xüsusi təkliflər paketi hazırlamaqdır.
Simpozium plenar sessiya və işçi qrupların müzakirələrindən ibarət olacaq. Əsas işçi qrup iştirakçıların müzakirə etdikləri fikirlər əsasında təkliflər paketi hazırlayaraq maraqlı tərəfdaşlara təqdim edəcək. Layihənin davamlılığının təmin olunması üçün iştirakçılar qrant müsabiqələrində iştirak etmək üçün fəaliyyət planı hazırlayaraq növbəti addımları planlaşdıracaqlar.