İnteraktiv dərs keçirilib - FOTOLAR
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən xəbərə görə Bölmədə Məmməd Cəfər Cəfərovun həyat və elmi fəaliyyətinə həsr olunmuş interaktiv dərs keçirilib. Dərsi bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova keçib. O, bildirib ki, Prezident İlham Əliyev Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Sonra Azərbaycan ədəbiyyatşünaslıq tarixində özünəməxsus yeri olan alimin həyat və elmi fəaliyyəti ilə bağlı məlumatları dərs iştirakçıları ilə bölüşüb.
Görkəmli elm xadimi Məmməd Cəfər Cəfərovun “Xalqımızın ədəbiyyat tarixi”, “Klassik şeirimizdə Nizami yaradıcılığının motivləri”, “Ədibi düşüncələr”, “Mirzə Fətəli Axundzadənin ədəbi-tənqidi görüşləri”, “Hüseyn Cavid”, “Cəlil Məmmədquluzadə” və bu kimi tədqiqat əsərləri Azərbaycan ədəbiyyatşünaslığında xüsusi yer tutur.
Tanınmış elm adamı yalnız Azərbaycan ədəbiyyatı ilə bağlı məsələlərlə məşğul olmayıb, həm də dünya, xüsusilə rus ədəbiyyatında gedən proseslərə diqqət yetirib. O, “Azərbaycan-rus ədəbi əlaqələrinin tarixindən”, “Rus klassikləri”, “Puşkin və Azərbaycan mədəniyyəti”, “Böyük rus yazıçısı” və digər kitab və məqalələrin, həmçinin estetikana aid “Estetik zövq haqqında”, “Estetik tərbiyə, ailə və məktəb” əsərlərinin müəllifidir.
Ömrünün 60 ilini ədəbiyyatımızın inkişafına həsr edən akademikin alimin elmi irsi AMEA Naxçıvan Bölməsi tərəfindən də dərindən öyrənilir və təbliğ edilir.
Dərsi muxtar respublikanın 218 ümumtəhsil məktəbinin şagirdləri izləyiblər.