Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) alimlərinin ABŞ, Türkiyə və Sloveniyadan olan tədqiqatçılarla birgə hazırladıqları, Azərbaycanda ali təhsil müəssisələrində elmin beynəlmiləlləşməsinin institusionallaşdırılmasına həsr edilmiş elmi məqalə nüfuzlu “Elsevier” nəşriyyatının Q1 kvartilli “Social Sciences & Humanities Open” jurnalında dərc olunub. "Institutionalizing the Internationalization of Science in Azerbaijani Higher Education: A Mixed-Methods Analysis of Policies, Institutional Strategies, and Bibliometric Performance” (“Azərbaycan ali təhsilində elmin beynəlmiləlləşməsinin institusionallaşdırılması: siyasətlərin, institusional strategiyaların və bibliometrik göstəricilərin qarışıq metodlarla təhlili”) adlı məqalə Azərbaycanda elmin beynəlmiləlləşməsini institusional siyasət, universitet strategiyaları və elmi fəaliyyətin nəticələri kontekstində kompleks şəkildə araşdıran tədqiqatlardan biridir.
NUHÇIXAN xəbər verir ki, tədqiqatın müəllifləri UNEC Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, Xanım Tədqiqatçılar Şurasının sədri, siyasi alim, iqtisad üzrə fəlsəfə doktoru dosent Nərgiz Hacıyeva, ABŞ-nin Miçiqan Universitetinin Ross Biznes Məktəbinin professoru John Branch, Sloveniyanın Lyublyana Biznes Məktəbinin dosenti və UNEC Xanım Tədqiqatçılar Şurasının tədqiqatçısı Katarina Aškerc Zadravec və UNEC Biznes Məktəbinin müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Saida Khalildir.
Məqalədə Azərbaycanın 26 ali təhsil müəssisəsinin 2019–2024-cü illər üzrə elmi fəaliyyəti, beynəlxalq əməkdaşlıq göstəriciləri, institusional siyasət sənədləri və beynəlmiləlləşmə strategiyaları təhlil edilib. Tədqiqat çərçivəsində "Scopus" və "SciVal" elmi analitik bazalarının məlumatlarından istifadə olunub, kəmiyyət və keyfiyyət metodları əsasında müqayisəli qiymətləndirmələr aparılıb.
Məqalədə Azərbaycan universitetlərinin beynəlxalq elmi tədqiqat şəbəkələrinə inteqrasiyasının gücləndirilməsi, universitetlərin elmi strategiyalarında beynəlmiləlləşmənin ayrıca prioritet kimi müəyyənləşdirilməsi, beynəlxalq əməkdaşlığın nəticəyönümlü idarə olunması və elmi fəaliyyətin qiymətləndirilməsində bibliometrik göstəricilərdən daha səmərəli istifadə edilməsi məsələləri də diqqət mərkəzinə gətirilib.
Qeyd edək ki, məqalənin hazırlanması və beynəlxalq elmi rəy prosesi təxminən iki il davam edib.
Məqalə ilə bu linkə daxil olaraq tanış olmaq mümkündür.
