Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb - FOTOLAR
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə “Türk dövlətlərində koqnitiv dilçiliyin bu günü və gələcəyi” mövzusunda I beynəlxalq simpozium keçirilib.
NUHÇIXAN xəbər verir ki, tədbir Azərbaycan, Qazaxıstan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açılış nitqində simpoziumun elmi əhəmiyyətindən, türk dünyasında dilçilik elminin inkişaf perspektivlərindən danışıb. O, Prezident İlham Əliyevin Türk dünyasının birliyinin möhkəmləndirilməsi və türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində müəyyən etdiyi strateji xəttə uyğun olaraq, bu sahədə ölkəmizdə mühüm tədbirlərin həyata keçirildiyini bildirib.
Akademik qeyd edib ki, koqnitiv dilçilik bir sıra ölkələrdə geniş tədqiq olunsa da, Türk dünyasında bu sahənin inkişafı və elmi potensialının gücləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Simpozium alimlər arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və birgə tədqiqatların təşviqi baxımından əhəmiyyətlidir.
Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli çıxış edərək türk xalqlarının ortaq dil və düşüncə irsinin öyrənilməsində koqnitiv dilçiliyin əhəmiyyətini qeyd edib. O, Türk xalqlarının Koqnitiv Dilçilik Mərkəzinin yaradılmasını Türk dünyasının intellektual əməkdaşlığının genişləndirilməsi baxımından mühüm təşəbbüs kimi dəyərləndirib. Nadir Məmmədli bildirib ki, koqnitiv dilçilik dilin qrammatik quruluşu ilə yanaşı, onun arxasında dayanan düşüncə modellərinin, anlayışların formalaşma mexanizmlərinin və dil-mədəniyyət əlaqələrinin öyrənilməsinə imkan yaradır.
Dilçilik İnstitutunun şöbə müdiri, professor Mayıl Əsgərov koqnitiv və psixolinqvistik yanaşmaların türk dillərindəki bir sıra məsələlərin dərindən araşdırılmasına və dilin daxili qanunauyğunluqlarının elmi əsaslarla izahına imkan verdiyini söyləyib. O, türk xalqları arasında ortaq ünsiyyət dilinin formalaşdırılması məsələsinin də elmi müzakirələr baxımından əhəmiyyətini vurğulayıb.
Simpoziumda Türkiyənin Yıldız Teknik Universitetinin prorektoru, professor Vatan Karakaya, Bakı Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Səyavuş Qasımov, Türkiyənin Hacı Bayram Veli Universitetinin xarici əlaqələr üzrə koordinatoru, professor Güljanat Kurmangaliyeva Ercilasun, Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin nümayəndəsi, professor Janar İbrayeva, Türkiyənin Ege Universitetinin əməkdaşı, professor İbrahim Şahin və Atatürk Universitetinin professoru Süleyman Efendioğlu da çıxış ediblər.
Çıxışlarda türk dillərinin öyrənilməsi və inkişafı, koqnitiv dilçilik üzrə tədqiqatların genişləndirilməsi, türk dövlətləri arasında akademik əməkdaşlığın gücləndirilməsi və ortaq elmi platformaların yaradılmasının əhəmiyyəti vurğulanıb.
Tədbirdə Ə.Baytursunlu adına Qazaxıstan Dilçilik İnstitutunun direktoru Anar Fazılcanın videomüraciəti də dinlənilib. Daha sonra “Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi” adlı beynəlxalq elmi-tədqiqat assosiasiyasının yaradıldığı elan olunub. Mərkəzin həmtəsisçilərinə “Ortaq Qurucu sertifikatı” təqdim edilib.
İki gün davam edəcək simpozium bölmə iclasları ilə işini davam etdirib. Tədbir çərçivəsində internet konseptinin metaforik modelləri, Azərbaycan dilində diskurs markerləri, frazeoloji vahidlərin mədəniyyətlə əlaqəsi, türk dillərində koqnitiv freymlərin struktur təhlili və digər mövzularda məruzələr dinləniləcək.