AMEA Beynəlxalq Türk Akademiyaları Birliyinə rəhbərlik edəcək - FOTOLAR
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Qazaxıstan Respublikası Prezidenti yanında Qazaxıstan Milli Elmlər Akademiyasının 80 illik yubileyində iştirak edib. Almatı şəhərində, akademiyanın Böyük Akt zalında keçirilən təntənəli yubiley iclasını qurumun prezidenti akademik Axılbek Kurişbayev açıb. Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin təbrik məktubunu iştirakçılara çatdırıb. Daha sonra akademik Axılbek Kurişbayev akademiyanın 80 illik inkişaf yolu və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış edib.
Bu barədə NUHÇIXAN-a AMEA-dan məlumat verilib. Tədbirdə Türkiyə Elmlər Akademiyasının prezidenti professor Müzəffər Şəkər, Çin Milli Elmlər Akademiyasının Beynəlxalq Əməkdaşlıq Bürosunun direktoru Yin Li, Rusiya Elmlər Akademiyasının vitse-prezidenti akademik Nikolay Makarov, Qırğızıstan Elmlər Akademiyasının prezidenti akademik Bekmamat Çenbayev, Özbəkistan Elmlər Akademiyasının birinci vitse-prezidenti akademik Şamansur Saqdullayev, Monqolustan Elmlər Akademiyasının vitse-prezidenti akademik Seqmed Serendorj, Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru akademik Canseit Tuymebayev və başqaları təbrik nitqi söyləyiblər. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli də çıxış edərək ölkələrimiz arasındakı elmi əlaqələrin tarixindən, inkişaf mərhələlərindən və mühüm elmi nailiyyətlərindən danışıb, Qazaxıstan Milli Elmlər Akademiyasının kollektivini əlamətdar yubiley münasibətilə təbrik edib.
Almatı şəhərində, həmçinin Beynəlxalq Türk Akademiyaları Birliyinin IX Assambleyası keçirilib. Növbəlilik əsasında 2025–2026-cı illərdə Beynəlxalq Türk Akademiyaları Birliyinə rəhbərlik etmiş Türkiyə Elmlər Akademiyasının prezidenti professor Müzəffər Şəkər rəhbərlik etdiyi dövrdə həyata keçirilmiş tədbirlər və nəşrlər haqqında hesabat məruzəsi ilə çıxış edib. Birliyin üzvü olan Qazaxıstan, Özbəkistan və Qırğızıstan elmlər akademiyalarının rəhbərləri, eləcə də tədbirdə məşvərətçi üzv kimi iştirak edən Monqolustan Elmlər Akademiyasının təmsilçisi çıxış edərək Türk dünyasında elm sahəsində əlaqələrin inkişaf etdirilməsində qurumun rolundan və səylərindən söz açıb, təkliflərini səsləndiriblər. Akademik İsa Həbibbəyli hesabat dövrü ərzində Türk dünyası ölkələri ilə əlaqələr sahəsində ölkəmizdə həyata keçirilmiş tədbirlər haqqında məlumat verib.
Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Asxat Kesıkbayev 2027–2028-ci illərdə quruma növbə üzrə Azərbaycan Milli Elmlər Akademiyasının sədrlik edəcəyini elan edib. Qeyd edək ki, AMEA 2019–2020-ci illərdə də Beynəlxalq Türk Akademiyaları Birliyinə sədrlik edib. Beynəlxalq Türk Akademiyaları Birliyinin X Assambleyasının 2027-ci ildə Qırğızıstan Elmlər Akademiyasında keçirilməsi qərara alınıb.
Bundan başqa, yeni yaradılmış Beynəlxalq Çöl Sivilizasiyası Konsorsiumunun təsis yığıncağı keçirilib. AMEA bu beynəlxalq konsorsiumun üzvlüyündə təmsil olunur. Türk Akademiyaları Birliyinə üzv ölkələrin elmlər akademiyalarının rəhbərləri Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində rəqəmsallaşma və süni intellekt sahəsində aparılan işlərlə də tanış olublar. Sonra akademiya rəhbərləri ilə universitetin professor-müəllim heyəti və tələbələrinin görüşü təşkil edilib.