Seysmoloji tədqiqatlar ölkəmizdə zəlzələlərlə bağlı məlumatların dəqiqləşdirilməsi və əhalinin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli bu fikirləri “Azərbaycanda seysmologiya elminin inkişafı: proqnozlaşdırmadan akademik tədqiqatlaradək” mövzusunda keçirilən respublika elmi konfransında səsləndirib. O qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin fəaliyyətinin əsas istiqamətlərindən biri zəlzələlərin öyrənilməsi, seysmik hadisələrin parametrlərinin müəyyənləşdirilməsi, mümkün təhlükə və risklər barədə elmi əsaslandırılmış məlumatların təqdim edilməsidir.
Akademikin sözlərinə görə, seysmoloji müşahidələrin nəticələrinin ictimaiyyətə düzgün çatdırılması zəlzələlərlə bağlı əsassız fikirlərin və yanlış təsəvvürlərin aradan qaldırılmasına, cəmiyyətdə elmi biliklərin yayılmasına xidmət edir.
İ.Həbibbəyli vurğulayıb ki, zəlzələlərin dəqiq vaxtını əvvəlcədən müəyyənləşdirmək mürəkkəb elmi məsələdir. Bu baxımdan seysmoloji tədqiqatların nəticələrinin elmi əsaslarla izah olunması, mütəxəssislərin ictimaiyyətə təqdim etdikləri məlumatların aydın və əsaslandırılmış olması xüsusi əhəmiyyət daşıyır.
AMEA prezidentinin fikrincə, Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssislərinin seysmik hadisələr barədə operativ məlumat verməsi və elmi nəticələri ictimaiyyətlə bölüşməsi həm maarifləndirmə, həm də mümkün risklərə hazırlıq baxımından vacibdir. O, seysmologiya sahəsində aparılan tədqiqatların davam etdirilməsinin, müasir müşahidə texnologiyalarından istifadənin və elmi biliklərin cəmiyyətə çatdırılmasının əhəmiyyətini qeyd edib.
