Azərbaycanda sığorta məhsulları satmağa maraq getdikcə azalır.
NUHÇIXAN xəbər verir ki, bunu maliyyəçi-ekspert Namiq Hüseynov bildirib.
“Bunu sığorta agentlərinin sayının azalması da göstərir. 2021-ci ilin yekununda ölkədə 730 agent olduğu halda, bu rəqəm 2025-ci ilin yekununda 468-ə düşüb. Yəni, 4 ildə 35,9% azalma var. Halbuki, bu illər ərzində sığorta bazarımız 78,3% böyüyüb. 2021-ci ildə 843,9 milyon manat sığorta haqqı toplanılmışdısa, bu rəqəm 2025-ci ildə 1 milyard 504,9 milyon manat olub. Yəni, sığorta bazarı böyüyür, sığorta agentləri isə "yoxa çıxır", - deyə o qeyd edib.
Ekspertin fikrincə, səbəblər çox güman ki, sığorta məhsullarının satışının daha çox onlayn həyata keçirilməsi - sektorda rəqəmsallaşmanın getdikcə genişlənməsi, eyni zamanda Azərbaycan Mərkəzi Bankının agentlərə qarşı tələbləri, xüsusilə hesabatlılıqla bağlı tələbləri getdikcə sərtləşdirməsidir: “Odur ki, vasitəçilər ya bu bazarda perspektiv görməyərək könüllü şəkildə fəaliyyətlərini dayandırırlar, ya da onların lisenziyaları məcburi şəkildə ləğv olunur”.
