Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Naxçıvan Tibb Kollecinin müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələri Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Halide Edip Mesleki və Teknik Anadolu Lisesində bir aylıq təcrübə kursu keçiblər.
2 müəllim və 10 tələbədən ibarət heyət liseyin Yeni mahalle Yıldırım Beyazit Eğitim və Araşdırma Xəstəxanasının hamiliyinə verilib. Heyət xəstəxananın rəhbərliyi ilə görüşüb, tələbələrə bu səhiyyə müəssisəsi barədə məlumat verilib, müxtəlif müalicə-profilaktika proseslərini onlayn izləmələrinə şərait yaradılıb.
Tibb bacısı ixtisası üzrə təhsil alan tələbələr daxili və yoluxucu xəstəliklər, təcili təxirəsalınmaz yardım və endoskopiya bölmələrində təcrübə keçiblər. Laborator diaqnostika ixtisası qrupunun tələbələri isə mikrobiologiya, patologiya, hematologiya və biokimya laboratoriyalarında aparılan işlərin qaydaları ilə tanış olublar. Tələbələr Biokimya və hematologiya bölmələrində təcrübə keçiblər.
Səfər çərçivəsində tələbələrin Ankara şəhərinin tarixi-mədəni yerlərinə ekskursiyaları da təşkil olunub.