Beynəlxalq səviyyədə akkreditasiya olunan proqramlar üzrə təhsil almış abituriyentlərin ali məktəblərə müsabiqədənkənar qəbulu Şərtləri təsdiqlənib
Nazirlər Kabineti “Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Şərtləri” təsdiq edib.
NUHÇIXAN xəbər verir ki, bununla əlaqədar Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarını imzalayıb.
Şərtlər “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-3-cü maddəsinə əsasən hazırlanıb və beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu məsələlərini tənzimləyir.
Abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə beynəlxalq səviyyədə akkreditasiya olunan aşağıdakı təhsil proqramlarında aparılır:
- Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme);
- Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education);
- Yüksək yerləşdirmə (Advanced Placement).
Abituriyentlər Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 3.2-ci bəndində nəzərdə tutulmuş qaydada Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. İxtisaslar və müvafiq proqramlar üzrə keçid ballarının minimum və maksimum hədləri Şərtlərdə cədvəl şəklində öz əksini tapıb.
Şərtlərdə nəzərdə tutulmuş təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Tələbə Qəbulu Qaydalarının 3.8-ci bəndi ilə hər ixtisas qrupu üçün müəyyən edilmiş imtahan fənləri üzrə həmin proqramlar çərçivəsində topladıqları ballar nəzərə alınmaqla həyata keçirilir.
Şərtlərin 5-ci hissəsində “müvafiq üç imtahan fənni” dedikdə, Tələbə Qəbulu Qaydalarının 3.8-ci bəndi ilə hər ixtisas qrupu üçün müəyyən edilmiş imtahan fənləri başa düşülür.